Məhkəmə qərarları › İş №2(002)-2435/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2435/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2435/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2781.83 AZN əsas, 205.04 AZN faiz, 31.9 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3108.77 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 51.09 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29 % ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyun 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 2781.83 AZN əsas, 205.04 AZN faiz, 31.9 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3108.77 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olmasını və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. "xxxx" KB ASC tərəfindən Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinə əsasən sonuncuya istehlak məqədləri üçün 35 ay müddətinə illik 29% ödəmək şərtilə 3000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" KB ASC tərəfindən borcluya ünvanlanmış 19 aprel 2024-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən üzrəinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2024-cü il tarixə 2999.16 manat əsas, 290.98 manat faiz, 41.44 manat cərimə olmaqla, cəmi 3331.58 manat borcunun yarandığı bildirilmişdir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 28 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 2970sİNSHb/22 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 2781.83 AZN əsas, 205.04 AZN faiz, 31.9 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3108.77 AZN məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı 35 ay müddətinə, 29 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit məbləğini borcalanın mülkiyyətinə verilmiş, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Yuxarıda adı çəkilən Ümumi Ofertanın 5.7.2-ci bəndinə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin və əsas borcun “Müştəri” tərəfindən “Bank” a qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır. Faizlər, gündəlik olaraq ötən günün ən çox ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü olmaq şərtilə Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavə vasitəsində qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə (son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı ayda tam qaytarılması halında faiz tutulmur və cari dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir. Ümumi Ofertanın 5.7.5-ci bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər kredit məbləğinin müştərinin cari hesabına köçürüldüyü gnüdən onun tam qaytarıldığı günədək hesablanır. Bu zaman əsas kimi ayda 30 və ildə 360 gün götürülür. Həmin Ofertanın 5.7.10-ci bəndinə əsasən, “Bank” “Müştəri”nin bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və hesablanmış cərimə (olduğu təqdirdə) ilə birlikdə qaytarılmasını “Müştəri” dən tələb edə bilər. Lakin məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş və tərəflər arasında bağlanmış müqavilə üzrə həmin tarixə yaranmış bütün borcun yəni 2999.16 manat əsas, 290.98 manat faiz, 41.44 manat cərimə olmaqla, cəmi 3331.58 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia tələbində göstərilən məbləğlər, yəni 2871.83 manat əsas, 205.04 manat faiz borcu həddində iddia tələbi təmin edilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddia tələbində tələb edilən cərimə borcunun məbləği (31.9 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 31.9 manat həddində olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 51.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51.09 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 212, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2871.83 manat əsas, 205.04 manat faiz, 31.9 manat cərimə borcu olmaqla, cəmi 3108.77 manat məbləğində pul vəsaiti və ödənilmiş 51.09 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar