Məhkəmə qərarları › İş №2(002)-2456/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2456/2020

27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2456/2020 27.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 2-ci dalan, 3 saylı evin 3 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, 1999-cu ildən anasının adına olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 2-ci dalan, 3 saylı evin 3 saylı mənzilində yaşayırlar. O, həmin iş üzrə cavabdeh olan anası Cavabdeh1 ilə birgə yaşamaqla ümumi təsərrüfat aparır. Qısa bir müddət ayrı ünvanda yaşamış, həmin vaxt qarşılıqlı razılıq əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pasport qeydiyyatından çıxarılmışdır. Lakin sonradan mənzildə yaşamağa davam etmişdir. Hazırda onun mənzilə istifadə hüququnun tanınmasına və yenidən qeydiyyata düşməsinə cavabdehlər razıdır. Onun həmin mənzildə qeyiyyatsız yaşaması bir sıra problemlər yaradır. Belə ki, hüquq və azadlıqlarının həyata keçirilməsində maneələrlə qarşılaşmalı olur. Yaşayış yeri üzrə pasport qeydiyyatına alınmamaqla yaşadığı ərazi üzrə arayış ala bilmir və sair hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və heç bir etirazının olmadığını bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 88/5 saylı, xx.xx.2014-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 2-ci dalan, 3 saylı evin, yaşayış sahəsi 27,73 kv.m olan iki otaqlı 3 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə birlikdə Cavabdeh1 adına icarə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia etiraf edildiyindən, cavabdeh İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 2, ev 3, 3 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İsitsmar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Səfərov X1 rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, dalan 2, ev 3, mənzil 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İsitsmar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Səfərova X4 rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, dalan 2, ev 3, mənzil 3 ünvanında qeydiyyatdadır, yaşayır və üç nəfərdən (qızı Cavabdeh2, nəvəsi Cavabdeh3, nəvəsi X3) ibarət ailə tərkibi vardır. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladıqları ərizələrdən görünür ki, onlar iddia tələbini qəbul etdiklərini bildirmişdir. İş materiallarında olan 8 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən mənzilə İddiaçı qeydiyyata düşməsinə etiraz etmirlər. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edilmişdir və iddia tələbinin təmin edilməməsi iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Bu səbəbdən iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən isə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T Dİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 2-ci dalan, 3 saylı evin 3 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar