Məhkəmə qərarları › İş №2(002)-2456/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2456/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2456/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə törədilmiş inzibati xəta nəticəsində HYUNDAİ markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1169 manat maddi zərər, 50 manat avtomobilə baxış üçün ödəniş, 200 manat ödənilmiş dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat, cəmi 1719 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsinə əlavə edilmiş inzibati xata haqqında ******* saylı xx.xx.2023-cü il tarixli protokoldan göründüyü kimi HOWO ZZ325N3847A yük markalı avtomobili idarə edən Cavabdeh2 Yasar oğlu ara məsafəsi qaydalarını pozaraq xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində onun HYUNDAÍ markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomaşınını vurmaqla AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş AA041/1715 saylı, xx.xx.2023-cü il tarixli "Auto Azərbaycan" şirkətinin servis mərkəzində tərtib edilmiş aktdan göründüyü kimi həmin hadisə nəticəsində HYUNDAÍ markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş zərərin va təmir xərclərinin ümümi məbləği 1169 manat təşkil edir. Lakin o, bununla əlaqədar dəfələrlə cavabdehə müraciət etmiş olsa da, bu günədək heç bir nəticəsi olmamış, cavabdeh onun avtomaşınına vurduğu zərəri ödəməkdən boyun qaçırmışdır. Hadisə ilə bağlı hüquqi yardımın göstərilməsi üçün vəkilə müraciət etmək məcburiyyətində qalmış va vəkil sorğusuna cavab olaraq AR DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 2-85473/2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş çıxarışdan məlum olmuşdur ki, HOWO ZZ325N3847A yük markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdən Cavabdeh1 maxsusdur. Hadisəni törədən Cavabdeh2 Yasar oğlunun ümumiyyətlə həmin avtomaşını idarə etmək üçün etibarnaməsi olmamışdır. Ona görə hesab edir ki, Cavabdeh2 Yasar oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə törədilmiş inzibati xəta nəticəsində ona vurulmuş zərərə görə avtomaşının sahibi Cavabdeh1 da digər cavabdehlə birgə məsuliyyət daşımalıdır. İcbari Sığorta Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, VH-531 saylı məktubdan məlum olmuşdur ki, həmin avtomaşına aid rəsmiləşdirilmiş sığorta müqaviləsi aşkarlanmamışdır. Cavabdeh2 Yasar oğlu etibarnaməsi olmadan avtomaşını idarə etdiyindən hesab edir ki, yüksək təhlükə mənbəyinin sahibi özünə məxsus sığortalanmamış avtomaşını idarə edilməsi üçün səlahiyyət vermədən başqa şəxsə vermişdir və bunun nəticəsində vurulan zərərə görə hadisəni törətmiş şəxslə bərabər məsuliyyət daşımalıdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 31 may 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə HOWO ZZ325N3847A yük markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Auto Azərbaycan” şirkəti tərəfindən verlmiş AA041/1715 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, HYUNDAİ İ30 markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış keçirilmiş və 1169 manat dəyərində zərərin dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli servis kartından və qəbzdən görünür ki, HYUNDAİ İ30 markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış üçün 50 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, “HOWO ZZ3257N3847A yük” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 adına qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, həmin avtomobilə dair Cavabdeh2 etibarnamə verilməmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosu tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, informasiya sistemində axtarış zamanı “HOWO ZZ3257N3847A” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid rəsmiləşdirilmiş sığorta müqaviləsi aşkarlanmamışdır. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış 1301 saylı, xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı İ30” minik markalı, **-XN-*** dövlət qeydiyyat dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. İş materiallarında olan ƏN-Vİİ No 517329 saylı etibarnamənin surətindən görünür ki, X2 xüsusi mülkiyyətində olan HYUNDAİ İ30 markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2026-cı il tarixədək İddiaçı etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Hyundaı İ30” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 870 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 31 may 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsirli bilinmiş, həmin vaxt o, avtomobili etibarnamə olmadan idarə etmiş, avtomobilin mülkiyyətçisi Cavabdeh1 isə yüksək təhlükə mənbəyinin onun sahibliyindən digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində çıxması barədə hər hansı sübut təqdim etməmiş, hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, avtomobilə dəymiş maddi ziyan məbləği ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən (870 manat həddində) təmin olunmalıdır. Ona görə də maddi ziyan barədə iddia tələbi qismən, yəni 870 manat həddində, habelə avtomobilə baxış üçün ödənilmiş 50 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mülki işin hallarını, hüquqi yardıma görə ödəniş qəbzini, iddianın təmin edilmiş hissəsini nəzərə alaraq, hüquqi yardımla bağlı xərcin 220 manat həddində təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, iddia tələbi üzrə ödənilməli dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsi cavabdehlərdən tutulmalı, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilmiş dövlət rüsumu isə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 870 manat, avtomobilə baxış üçün 50 manat, hüquqi xidmətin göstərilməsi üçün 220 manat, cəmi 1140 manat məbləğində pul vəsaiti və 26 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 13 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 37 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X3, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi vermək üçün "xxxx" ASC-də dövlət büdcəsinə ödədiyi 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun 164,8 manat məbləğində hissəsi (əməliyyat İD: 236212762, qəbz nömrəsi: 9812, GPP qəbz nömrəsi: **********, tarixi: xx.xx.2023, saatı: 11:26) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən İddiaçı (FİN kodu: xxxxxxx) geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar