Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2460/2024 24.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 oğlu tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Bank hesablarının açılması və kredit sifarişi üçün ərizəyə əsasən, "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş edir. Kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət verir.
2. "xxxx" KB ASC ilə X2 oğlu (Borcalan) arasında bağlanmış xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən, bank 60 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 11501 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 %, maksimum 40 % təşkil edir. Kreditin məqsədli təyinatı: xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli müqavilənin bağlanması, məbləğ 1146.91 AZN, xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqaviləsinin bağlanması, məbləğ 10354.04 AZN.
3. Qeyd edilən kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Borcalan X2 oğlu krediti Ödəniş cədvəlinə uyğun borc verənə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlindən aydın olur ki, X2 oğlunun qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişi 338 manat müəyyən edilmişdir.
4. "xxxx" KB ASC tərəfindən borcluya ünvanlanmış 12 fevral 2024-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2024-cü il tarixə 11501 manat əsas, 1286.45 manat faiz, 39.21 manat cərimə olmaqla, cəmi 12826.66 manat borcunun yarandığı bildirilmişdir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Qürbət Mirzəzadəyə təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
5. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 oğlunun xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 11501 AZN əsas, 2381.87 AZN faiz, 153.08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14035.95 AZN məbləğində borcu mövcuddur. İddia tələbi
6. İddiaçı Unibank KB» ASC cavabdeh X2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 11501 AZN əsas, 2381.87 AZN faiz, 153.08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14035.95 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 132.11 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 % ödəmək şərti ilə 11501 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyun 2024-cü il tarixinə "xxxx" KB ASC-yə cəmi 14035.95 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdiyini, cavabdeh müqavilənin restrukturizasiya edilməsi üçün banka müraciət etmiş və əvvəlki kredit müqavilələrinin bağlanması şərti ilə yeni kredit müqaviləsi bağlanmışdır.
10. Cavabdeh X2 oğlu məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, krediti Bəhramova Gülər və Qurbanov Tamerlan üçün götürdüyünü, lakin onların onu aldatdığını və krediti ödəmədiyini, bankda ərizə imzalasa da, həmin sənədləri oxumadığını, onu aldadaraq adına pul götürdüklərinin bildirmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
12. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
13. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
15. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
16. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
17. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
21. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma
32. İddia əsaslıdır.
33. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC-nin ilə X2 oğlu arasında bağlanmış xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 25% dərəcəsi ilə 11501 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 60 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür.
34. Məhkəmə ilk növbədə həmin müqavilənin etibarlılığına qiymət verərək qeyd edir ki, cavabdeh həmin müqavilənin aldatma, yanılma yolu ilə əslində başqa şəxslər tərəfindən bağlandığını, kreditdən xəbərinin olmadığını bildirsə də, etirazının dəlilləri barədə mötəbər sübutları məhkəmyə təqdim etməmişdir.
35. Eyni zamanda, iş materiallarından göründüyü kimi, cavabdeh özü şəxsən banka gedib, öz imzası ilə ərizə verərək "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş etmiş, kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət vermişdir. Yəni, cavabdeh özü xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli və xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqavilələrin bağlanması (sonlandırılması) məqsədilə ərizə ilə banka müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərizədəki imzanın özünə aid olmasını inkar etməmiş, lakin ərizəni oxumadan imzaladığını bildirmişdir.
36. Göstərilənlərdən aydın olur ki, tərəflər arasında kredit müqaviləsinin etibarsızlığı ilə bağlı hallar məhkəmə aradırması zamanı sübuta yetirilməmişdir.
37. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh X2 oğlu müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
39. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə gecikmə məbləğinin deyil, bütün borcun: yəni 11501 manat əsas borc, 1286.45 manat faiz borcu və 39.21 manat cərimə borcu məbləğinin ödənilməsi tələb edilmişdir.
40. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
41. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə 11501 manat əsas borc və 1286.45 manat faiz hissəsində iddia tələbi qismən təmin edilməlidir.
42. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
43. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddiada tələb edilən cərimə borcunun məbləği (39.21 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 39.21 manat həddində olmaqla qismən təmin edilməlidir.
44. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 132.11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132.11 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 128.48 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
45. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 oğlundan borclu olduğu 11501 manat əsas, 1286.45 manat faiz, 39.21 manat cərimə borcu olmaqla, cəmi 12826.66 manat pul vəsaiti və 128.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
46. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh X2 oğlundan 11,501 manat əsas, 1286.45 manat faiz, 39.21 manat cərimə borcu olmaqla, cəmi 12826.66 manat pul vəsaiti və 128.49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova