Məhkəmə qərarları › İş №2(002)-2484/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2484/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2484/2021 08.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Gürbət oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Gürbət oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Gürbət oğlundan İddiaçı ASC-nin xeyrinə 5798,45 manat əsas borc və 1795,69 manat faiz borcu olmaqla, cəmi 7594,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh Gürbət oğlu arasında bağlanmış 20 may 2019-cu il tarixli, 200804-704799/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24,5% dərəcəsi ilə 8800 manat məbləğində kredit verilmişdir. Cavabdeh Gürbət oğlu əsas öhdəliyini lazımınca icra etməmiş və ödəniş qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcu ödəməmişdir. 29.06.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5798,45 manat məbləğində əsas borcu, 1795,69 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7594,14 manat məbləğində kredit borcu yaranmışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 may 2019-cu il tarixli, 200804-704799/1 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Gürbət oğlu arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh Gürbət oğluna illik 24,5% olmaq şərti ilə 36 ay müddətinə 8800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Gürbət oğlunun 20 may 2019-cu il tarixli, 200804-704799/1 saylı kredit müqaviləsi üzrə 29 iyun 2021-ci il tarixinə 5798,45 manat məbləğində əsas borcu, 1795,69 manat məbləğində faiz borcu olmaqla, cəmi 7594,14 manat məbləğində borcu vardır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh Gürbət oğlu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcu məbləğlərini iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın əsas və faiz borcunun tutulması ilə bağlı tələbi tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Gürbət oğlundan 5798,45 manat məbləğində əsas borc, 1795,69 manat məbləğində faiz borcu olmaqla, cəmi 7594,14 manat (yeddi min beş yüz doxsan dörd manat on dörd qəpik) məbləğində borc pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar