Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2504/2025 27.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cinayət xarakterli əməllərin araşdırılması və hüquqi tədbirlərin görülməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə aşağıdakı qərardadı qəbul etdi İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024 tarixində saat 15:00-19:00 aralığında mobil telefon danışıqları və yazışmalarının araşdırılması üçün məhkəmə qərarı ilə mobil operatorlara sorğu göndərilməsi, onun adından yazıldığı iddia edilən xx.xx.2024 tarixli ərizəyə dair məhkəmə-linqvistik və qrafoloji ekspertiza təyin olunması, Cavabdeh4 və Cavabdeh5 barəsində AR CM-in 308, 314 və 320-ci maddələri üzrə cinayət işi başlanması, ona dəymiş maddi və mənəvi ziyanın müəyyən olunması üçün psixoloji və iqtisadi ekspertiza keçirilməsi, yuxarıda göstərilən faktlar üzrə ümumi cinayət təqibi başlanaraq iş aidiyyəti üzrə istintaq orqanına göndərilməsi, Cavabdeh2 və Cavabdeh3 qanunsuz şəkildə “şahid” kimi dosyaya daxil edilmələri nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədilə ayrıca mülki iddia vəsatətinə baxılması, Ruhi Qurbanovun xx.xx.2024 tarixində gecə 21-0200 saatlarında harada olduğunu sübut edən mobil anten qeydlərinin araşdırılması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Əsaslandırma
3. Məkhəmə iddianı yolverilməzliyinə görə qəbul etməkdən imtina edir.
4. Belə ki, iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) mobil operatorlara sorğu göndərilməsi, məhkəmə-linqvistik və qrafoloji ekspertiza təyin olunması 2) cinayət işi başlanması, ona dəymiş maddi və mənəvi ziyanın müəyyən olunması üçün psixoloji və iqtisadi ekspertiza keçirilməsi 3) ümumi cinayət təqibi başlanaraq iş aidiyyəti üzrə istintaq orqanına göndərilməsi 4) “şahid” kimi dosyaya daxil edilmələri nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədilə ayrıca mülki iddia vəsatətinə baxılması 5) mobil anten qeydlərinin araşdırılması
5. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək müəyyən edir ki, iddiaçı polis məmurlarını cavabdeh qismində göstərməklə onun hüquqi marağı cinayət təqibinin başlanması, cinayət xarakterli hərəkətlərin araşdırılması və bu istiqamətdə müəyyən sübutların əldə edilməsindən (ekspertiza təyin edilməsi barədə vəsatət, sorğu göndərilməsi və s.) ibarətdir.
6. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.1; 37.2; 37.3 və 37.6-cı maddələrinin tələblərinə əsasən, cinayət təqibi - xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə zərərçəkmişin şikayəti əsasında; - ictimai-xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə və - qalan hallarda ictima ittiham qaydasında həyata keçirilir.
7. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür.
8. Göründüyü kimi, mülki məhkəmə icraatı çərçivəsində məhkəmənin, iddia tələbinə əsasən cinayət işinin başlamaq və ya cinayət təqibini apararaq bu istiqamətdə sübutlar toplamaq səlahiyyəti yoxdur. Odur ki, iddiaçının tələblərinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
9. Onu qeyd edir ki, hazırkı iddianın irəli sürülməsi ilə bağlı dövlət rüsumu ödənilməmişdir. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi zamanı Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun qaytarılması məsələsinin həllinə zərurət aradan qalxmışdır.
Nəticə
10. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq
QƏRARAALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cinayət xarakterli əməllərin araşdırılması və hüquqi tədbirlərin görülməsi tələbinə dair iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova