Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2521/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC, fiziki şəxs İddiaçı ilə (satıcı) Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1004-2021 nömrəli müqaviləyə əsasən, satıcı “Redmi 11 lite” adlı mobil telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib, dəyəri olan 840 manatı 12 ay müddətinə hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqaviləyə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 12 ay müddətinə, aylıq 70 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.
3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli Pretenziya məktubuna əsasən, alıcıya aldığı əşyanın müqavilə dəyərinin qalığı 1066 manat pul vəsaitini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Bildiriş vərəqindən görünür ki, alıcı, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi qəbul etmişdir.
5. İş materiallarında olan maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 560 manat, 56 manat faiz və 450 manat cərimə olmaqla, ümumilikdə 1066 manat məbləğində ödənilməmiş borcu mövcuddur.
İddia tələbi
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 560 manat əsas borc, 56 manat faiz borcu, 450 manat cərimə borcu olmaqla ümumilikdə 1066 manat məbləğində borcun və 31.06 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi 2A-da yerləşən "xxxx" mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və məişət əşyalarının satışı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə Cavabdeh nisyə olaraq 840 manat dəyərində Redmi markalı, 11 Lite modelli mobil telefon almışdır və buna görə aralarında həmin tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.2-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 840 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Eyni zamanda müqavilənin 8.1-ci bəndinə əsasən alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1% miqdarında cərimə ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin bu günə 560 manat əsas borc, 56 manat faiz və 450 manat cərimə borcu olmaqla cəmi 1066 manat məbləğində borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödəməli olan vəsait ödənilməmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh müqavilə üzrə öhdəliyi xx.xx.2022-ci il tarixdən icra etmir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
13. İddia qismən əsaslıdır.
14. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Cavabdeh “ABC-Telecom”dan hissə-hissə ödəniş şərti ilə Redmi markalı, 11 Lite modelli mobil telefon əldə etmişdir.
15. Beləliklə, tərəflər arasında xx.xx.2021-ci il tarixli hissə-hissə ödənilmək şərtilə alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə etibarlıdır. Müqavilənin 5.2.8-ci maddəsinə əsasən, əmlakın (əşyanın) dəyərinin məbləği tam ödənilənədək əmlak barədsində sərəncam vermək hüququ yalnız satıcıya məxsus olur. Müqavilənin 8.2-ci maddəsinə əsasən, alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və gecikdirimiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda, Satıcının öz mülahizəsinə əsaən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini və ya əşyanın qaytarılmasını alıcıdan tələb edə bilər. Bu tələb alıcı tərəfindən 3 gün müddətində yerinə yetirilməlidir. Tələb yerinə yetirilmədikdə alıcı hər gecikdirilmiş gn üçün əşyanın qiymətinin 1%-i həcmində cərimə ödəyir.
16. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan mobil telefonu cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.
17. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcun məbləği 560 manat təşkil edir. Cavabdeh borcun əsassız olmasına dair sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəlyii icra etməsinə dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.
18. Məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cərimə məbləğini xx.xx.2021-ci il tarixli müqavilə üzrə 450 manat məbləğində müəyyən etmişdir.
19. Məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 31.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş 31.06 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
22. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, Redmi markalı, 11 Lite modelli mobil telefon üçün 560 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, ümumilikdə 590 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir
23. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 02 avqust 2021-ci il tarixli müqaviləyə əsasən, Redmi markalı, 11 Lite modelli mobil telefon üçün 560 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, ümumilikdə 590 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova