Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2523/2025 11.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, Salmanova Könül Xasay qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1545 manat əsas borc, 155 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla ümumilikdə 2700 manat məbləğində borc və 47,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2523/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat üzrə mülki iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi 2A-da yerləşən "Rahat Ekspress mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə göstərir. Həmin mağaza telefon və məişət əşyalarının satışı ilə məşğuldur. xx.xx.2021-ci il tarixdə Cavabdeh nisyə olaraq 1690 manat dəyərində SAMSUNG markalı televizor almışdır və buna görə aralarında həmin tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.2-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1.1-ci bəndində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 768 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. Eyni zamanda müqavilənin 8.1-ci bəndinə əsasən alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 % miqdarında cərimə ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 1545 manat əsas borc, 155 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla ümumilikdə 2700 manat məbləğində borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci il tarixdən icra etmir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, onun VÖENİ var, Rahat Express mağazası onundur. 7-8 il olar ki, fəaliyyət göstərir. Vergi ödəyicisidir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı (“Rahat Express” mağazasından) 1690 manatı dəyərində olan əşyanı 12 ay müddətinə etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1545 manat əsas borc, 155 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla ümumilikdə 2700 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqi müqaviləsi üzrə məbləği 12 ay müddətində aylıq 140 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, iş materiallarında olan sənədlərlə və iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh(alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı Cavabdeh müqavilə üzrə 1545 manat əsas borc, 155 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla ümumilikdə 2700 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 39,49 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, alqı-satqı müqaviləsinin bağlanılma tarixini və müqavilənin bitmə tarixini nəzərə alaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1000 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat məbləğində dəbbə pulun tutulması ədalətlidir. Həmçinin məhkəmə iddiaçının müqavilə üzrə faiz borcu tələbinə münasibətdə qeyd etdi ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlərin əsasında kredit müqaviləsi yox, əşyanın nisyə alq-satqı müqaviləsi təşkil etdiyindən, məhkəmə hesab edir ki, hazırda iddiaçı alqı-satqı müqaviləsi üzrə gecikdirilmiş əsas borca görə faizlər deyil, dəbbə pulu tələb edə bilər. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 47,40 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləği də cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə (1220 manat) mütənasibdə dövlət rüsumunun məbləğı 32 manat təşkil etdiyindən olaraq məhkəmə hesab edir ki, 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə üzrə 1545 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 1645 manat borc və 36,45 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1545 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla cəmi 1645(bir min altı yüz qırx beş) manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 36,45(otuz altı manat qırx beş qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2523/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2523/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver