Məhkəmə qərarları › İş №2(002)-2534/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2534/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2534/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş passivin bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında rəsmi nikah qeydi xx.xx.2016-cı il tarixdə bağlanmış, Qaradağ Rayon Məhkəməsinin 2(002)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qətnaməsi ilə pozulmuşdur.

2. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 004576 №-li xx.xx.2009-cü il tarixli orderə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, ev 1a, mənzil 37 ailə tərkibi 4 nəfər olmaqla: NümayəndəA (özü), Quliyeva Z.H. (keçmiş həyal yoldaşı) İddiaçı (oğlu) və Hüseynzadə S.M. (qızı) Nümayəndə verilmişdir.

3. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-ci il tarixli standart razılaşmanın məzmunundan görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh İddiaçı aylıq faiz dərəcəsi 1.75% dərəcəsi ilə, 48 ay müddətinə, 18000 manat məbləğində kredit verilmişdir.

4. "xxxx" QSC ilə X3 arasında bağlanmış xx.xx.2023-ci il tarixli 001G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (İddiaçı) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün birgə məsuliyyəti zamin (X3) öz üzərinə götürmüşdür.

5. "xxxx" QSC tərəfindən təqdim olunmuş OUT-2024/11/07-10 nömrəli maliyyə arayışına əsasən, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə 4623.27 manat, faiz üzrə 4964.73 manat olmaqla cəmi 9588 manat ödənilmişdir.

6. "xxxx" QSC tərəfindən verilmiş kreditin vaxtında əvvəl ödənilməsinə dair xx.xx.2024-cü il tarixli qəbzdən aydın olur ki, LD********** nömrəli müqavilə üzrə İddiaçı tərəfindən 13728,99 manat məbləğində kredit borcu vaxtından əvvəl ödənilmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 3-13-16/2- 167387/2024 saylı məktubuna əsasən, etibarnamə ilə İddiaçı istifadəsində olmuş “Hyundai Accent” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışına əsasən, İddiaçı “Hyundai Accent” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququ xx.xx.2022-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuşdur. İddia tələbi

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 001A********** nömrəli Kredit müqaviləsi üzrə 48 aylıq borcunun birgə nikah dövrünə düşməyən 38 aylıq dövrü üzrə olan 21432 manat borcunun cavabdehlə aralarında ½ nisbətdə bölünməsinə və həmin məbləğin cavabdeh X1 tutularaq aidiyyəti üzrə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh X2 ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ailə qurduqdan sonra cavabdehlə ünvan 1 ünvanında yaşamağa başladılar. Onuda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh evdə tez-tez dava dalaş söz-söhbət saldığını və valideynləri ilə yola getmədiyini nəzərə alaraq valideynləri ilə birgə yaşadığı evdə atası tərəfindən inşa edilən əlavə 2 otağı, mətbəxi yararlı hala gətirmək qərarına gəldilər. Bunun üçün o "xxxx" QSC-in mərkəzi filialından illik 21%-lə 18000 manat kredit götürmək qərarına gəldilər. Hazırki iddia ərizəsinə əlavə edilmiş surəti əlavə edilən 001A********** nömrəli Kredit müqaviləsinin ödəniş planından da bu qeyd etdiklərini öz təsdiqini tapır. Həmin kredit müqaviləsi üzrə o bu günədək öz üzərinə düşən öhdəliyi yerinə yetirir və borc üzrə aylıq ödənişlərini banka ödəyir. Hazırki iddia ərizəsinə əlavə edilən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 244/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah rəsmi olaraq pozulmuşdur. Artıq cavabdehlə rəsmi ailəli olmadıqlarından və cavabdeh məhkəmə qətnaməsi əsasında götürülən kreditlə inşa edilib yaşayışa yararlı hala gətirilən evdə yaşadığından bu qənaətə gəlir ki, kredit də tərəflər arasında bərabər olaraq bölünməli və cavabdeh də birgə nikah dövründə əldə edilən borcun ödənişinə cəlb edilməlidir. Cavabdehlə birgə nikahda olarkə hazırki iddia ərizəsinə əlavə edilən siyahıdakı əmlakları da əldə etmişlər. Hazırda isə cavabdeh həmin əmlakları mənimsəməklə yalnız özü istifadə edir və bu əmlaklardan istifadə etməyinə imkan vermir. Bu səbəbdən də həmin əmlakların da cavabdehlə aralarında bölünməsini məhkəmədən xahiş etmək qərarına gəldilər. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaya etiraz

10. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, o iddiaçı ilə 26 yanvar 2016-cı il tarixdə rəsmi nikah daxil olmuş, nikahı məhkəmənin 2024-cü ilin mart ayında pozulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanına istifadə hüququ tanınmışdır. Bundan sonra iddiaçı ona qarşı kredit borcunun guya onun yaşadığı evin təmirinə xərclədiyi barədə əsassız iddia qaldırmışdır. Bununla bağlı bildirir ki, iddiaçı 2021-ci ilin may ayında "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin kredit götürməsindən onun xəbəri olmamış, öz şəxsi istifadəsi üçün həmni kreditdən istifadeə etmişdir. Belə ki, krediti götürərək dərhal sonra yəni 2021-ci ilin iyun ayında 2013-cü il buraxılışlı “HYUNDAİ ACCENT MİNİK” markalı **- HU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almış və özü istifadə etmişdir. Sonradan onların aralarında mübahisə olduğuna görə avtomobili bildiyinə görə kənar şəxsə satmışdır ki, o həmin avtomobilə qarşı əmlak bölgüsü tələb etməsin. Kredit götürdüyü pulla avtomobil almış, qalan pulları isə borcuna xərcləmişdir. Həmin puldan evə ailəsinə istifadə etməmişdir. İddia ərizəsində kredit aldığı pulla hazırda onun istifadə hüququ tanındığı evin təmirinə xərclənməsi tamamilə yalandır. Belə ki, hazırda yaşadığı evin hamam, kolidaru, mətbəxi 2020-ci ildə təmir edilmiş və əşyaları alınmışdır. Buna dair da sübutları vardır. Belə ki, o 2020-ci ildə instaqram səhifəsində həmin evin təmirli vəziyyətdə paylaşımları etmiş və məhkəməyə təqdim edə bilər. Yəni kredit götürdüyü pulla onun yaşadığı ev təmir edilməmişdir. 2024-cü ildə isə onun həmin mənzilə istifadə hüququ tanınandan sonra ata və anasının yaşadığı otaqlar atasının öz şəxsi vəsaiti hesabına təmir edilmişdir. Hansı ki, onun valideynləri həmin evdə əvvəllər yaşamamışlar, 2024-cü ilin aprel ayında evə köçürmə qərarı almışlar. İddiaçının iddia ərizəsində qreyd etdiklərinin heç bir əsası yoxdur. Eyni zamanda iddiaçının iddia ərizəsində qeyd etdikləri əşyalar da bankdan götürdüyü kredit pulu ilə alınmamışdır. Həmin əşyalar kredit alınmamışdan əvvəl, “İrşad”, Kontakt Home”dan və “Embavuddan” alınmışdır. Həmin əşyaların haqqında sənədlərin almması üçün mən mağazalara müraciət etsəm də mənə sənəd verilməmişdir. Məhkəmə bu barədə vəsatət verərsə həmin mağazalarda sənədləri almaqla onun dedikləri təsdiqini tapa bilərdi.

11. Qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı oğlu, cavabdeh keçmiş gəlinidir. Onlar mart ayında boşanıblar. Evi 1990-cı ildə alıb. Ev onun adına olub, amma oğlu cavabdehin qorxusundan evə girə bilmir. Oğlu hərbçidir, ona görə də çox vaxt işdə olur. Məhkəmə qətnaməsi ilə cavabdehin evdən istifadə hüququ var. Evin orderi olub. Kredit pulu ailəyə və evə xərclənib. Tərəflər bu ilin mart ayından ayrı yaşayırlar, ondan əvvəl isə iddiaçı hərbi xidmətdə idi. Krediti iddiaçı götürüb. Lakin vəsait evin təmiri üçün istifadə edilib. Evin nə vaxt təmir edildiyi yadında deyil. Evin mətbəxi sökülüb yenidən yığıldı, mətbəx isti poluna kimi təmir edilmişdir, həmçinin evin dəhlizi də təmir edilmişdir. Evin təmirində özü də fəhləlik edib, buna görə oğlu ona 500 manat ödəyib. Cavabdeh digər evdə yemək bişirib onlara yemək gətirirdi. Ev üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı keçmiş həyat yoldaşıdır. O, "xxxx" ASC-dən götürdüyü krediti ondan gizlədib. 2016-cı ildə onunla nikaha daxil olub. 2021-ci ildən iddiaçıdan ayrı yaşayır, 28 mart 2024-cü ildə ondan boşanıb. Mətbəx və dəhliz 2020-ci ildə təmir olunub. Bunu sübut etmək üçün sosial şəbəkədə evin təmirli halının paylaşımmlarını təqdim etmişdir, həmin paylaşımların tarixinə diqqət yetirdikdə görünür ki, mətbəx və dəhliz 2020-ci ildə artıq təmir edilmişdi. Məhkəmə qərarı ilə onun həmin mənzildən istifadə hüququ təsdiq edilib. Ev orderli olub. Ev iddiaçının atasının mülkiyyətində olub. İddiaçı əvvəlki məhkəmə işi üzrə qarşılıqlı iddia ərizəsində uzun müddət birlikdə yaşamadığını qeyd edib. İddiaçı evli olduqları müddətdə Şəbnəm adlı xanımla yaşayırdı. 2021-ci ildə kredit alınan zaman artıq evin dəhlizi, mətbəxi və sanitar qovşağı təmir olunmuşdu. İddiaçıya qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Məhkəməyə təqdim etdiyi videogörüntüdən də məlum olur ki, ev 2020-ci ildə təmir edilib. Bu fakt kreditin evin təmirinə xərclənmədiyini sübut edir. İddiaçı krediti ailə ehtiyacların sərf etməmişdir. İddiaçı krediti götürdüyü ərəfədə avtomobil əldə etmiş və həmin avtomobili boşanma ərəfəsində satmışdır. Cavabdeh tərəf iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1i İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı: 1.3. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 6.3. Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. 6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. 6.38. .... oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. 6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. b) Əsaslandırma

18. İddia əsassızdır.

19. İşin halları bundan ibarətdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, xx.xx.2024-ci il tarixli qətnamə ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı birgə nikah dövründə (xx.xx.2023-ci il tarixdə) kredit müqaviləsi bağlayaraq 18000 manat məbləğində kredit götürmüşdür. Kredit borcu xx.xx.2024-cü ildə tamamilə bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə götürdüyü məbləği ailə ehtiyaclarına (evin dəhlizi və mətbəxinin təmiri) xərclədiyini bildirərək vəsaitin cavabdehlə aralarında ½ hissədə bölünməsini tələb edir.

20. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Odur ki, məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

22. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin və yuxarıda adı çəkilən Plenum Qərarının tələblərinə əsasən, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Hazırkı mülki iş üzrə iddiaçının nümayəndəsi (atası) məhkəmə iclasların kredit üzrə əldə edilmiş vəsaitin ailə xərclərinə, yəni cavabdehin (keçmiş gəlininin) də yaşadığı evin dəhliz və mətbəxinin təmirinə xərcləndiyini bildirmişdir.

23. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməmiş, ümumiyyətlə iddiaçı ilə aralarında ailə münasibətlərinin kredit götürülən ərəfədə tamamilə pozulduğunu, dəhliz və mətbəxin təmirinin 2020-ci ildə tamamlandığını, kreditin isə 2023-cü ildə götürüldüyünü, kredit götürülən tarixlərdə iddiaçının “Hyundai Accent” markalı avtomobil əldə etdiyini bildirmiş bununla bağlı fotoşəkillər təqdim etmişdir.

24. Cavabdehin təqdim etdiyi fotoşəkillərdə övladının mətbəxdə çəkilmiş şəkli sosial şəbəkədə 2020-ci ildə paylaşılmışdır, iddiaçının nümayəndəsinə həmin şəkillər göstərildikdə kredit üzrə vəsaitin xərclənməsi iddia edilən evin mətbəxi olması və mətbəxin təmirli vəziyyətinin şəkli olması etiraf edilmişdir.

25. Bundan başqa, işə əlavə edilmiş, tərəflər arasında Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-244/2024 nömrəli mülki iş üzrə nikahın pozulması, aliment tələbinə dair mübahisəyə baxılan zaman İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində o özü qeyd edir ki, Səkinə Hüseynzadə (Mürsəlova) ilə aralarında nikah münasibətləri uzun müddətidir pozulmuşdur və formal xarakter daşıyır.

26. Məhkəmə işin göstərilən hallarını birlikdə qiymətləndirməklə bu qənaətə gəlir ki, iddiaçı tərəf birgə nikah dövründə əldə etdiyi öhdəliyi (18000 manat kredit borcu) evin mətbəx və dəhlizinin təmirinə və ümumiyyətlə ailə ehtiyaclarına xərcləməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyi üçün həmin öhdəlik tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir. Nəticə

27. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, İddiaçı Cavabdeh qarşı “pul” barədə iddia tələbi təmin edilməməlidir.

28. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı 001A********** nömrəli Kredit müqaviləsi üzrə 48 aylıq borcunun birgə nikah dövrünə düşməyən 38 aylıq dövrü üzrə olan 21432 manat borcunun cavabdehlə aralarında ½ nisbətdə bölünməsinə və həmin məbləğin cavabdeh Hüseynzadə (Mürsəlova) Səkinə Kərəm qızından tutularaq aidiyyəti üzrə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar