Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-255/2025 22.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında 22 mart 2024-cü il tarixli 03457128 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır: Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə görə "xxxx" MMC İddiaçı 4209.84 manat dəyərində İmei kod **********84687 olan İphone 15 Pro, Şəffaf Vinil, Apple 20W USB-C Adapter ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 233.88 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.
2. Tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, İddiaçı 03457128 nömrəli müqaviləyə əsasən İmei kod **********84687 olan İphone 15 Pro, Şəffaf Vinil, Apple 20W USB-C Adapter təhvil almışdır.
3. "xxxx" MMC tərəfindən ünvanlanmış 134/25 nömrəli xx.xx.2025-ci il tarixli məktuba əsasən, xx.xx.2024-cü il tarixdə cəmiyyət ilə İddiaçı arasında bağlanmış 03457128 nömrəli müqavilə üzrə əldə etdiyi məhsul və xidmətlərin ümumi dəyəri 4209.84 AZN, bu günə olan qalıq borc 3273.34 AZN təşkil edir. Ödənişlərin ümumi gecikmə müddəti 178 gün olduğu üçün 1383.46 AZN dəbbə məbləği hesablanmışdır. Ödənişlər onlayn qaydada həyata keçirildiyi üçün ödənişləri edən şəxsi müəyyən etmək mümkün olmamışdır. İddia tələbi
4. İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 mart 2024-cü il tarixdə Binəqədi rayonu Azadlıq metrosunun qarşısında yerləşən “KontaktHome” firmasında onun adına götürülən mobil telefon İPHONE 15 PRO 256 GB Blue markalı ilkin qiyməti 3500 manat, kreditdən sonra qiyməti 4554 manat pul vəsaiti və dövlət rüsumu 66 manat pul vəsaitinin olaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o İddiaçı 5 fevral 2024-cü il tarixdə saat 16 radələrində təsadüfən, Bakı şəhəri 1 nömrəli İqtisadi məhkəməsinin qarşısında məhkəmə prosesindən sonra vətəndaş Cavabdeh gördü, o, bildirdi ki, onun həyat yoldaşı hərbiçi olub, Qarabağ müharibəsində ağır yaralanaraq şəhid olub. Əlavə olaraq bildirdi ki, yoldaşı şəhid olandan sonra onun Binǝ qəsəbəsində yerləşən mənzilini dələduzluq yol ilə əvvələr tanıdığı Əfəndiyeva Elmira və onun həyat yoldaşı Şahid əlindən alaraq pulunu vermǝyiblər. Onun 25000 (iyirmi beş min) manatını verməyiblər. Fakt üzrə o vəkilə müraciət edib. Lakin vəkil onun külli miqdarda pulunu alaraq ona heç bir köməklik etməyib. Bundan əlavə bildirdi ki, onun mənzilini əlindən aldıqdan sonra Sahil metrosunun yaxınlığında vətəndaş Şahid onu maşınla vurduraraq o, 4 ay xəstəxanada reanimasiya şöbəsində müalicə alıb. O, Rusiya Federasiya dövlətinin Krasnoyarsk şəhərində universitetinin Hüquq fakültəsini bitirmişdir. 10 il həmin şəhərdə inzibati orqanlarda işləmişdir. Sonra Azərbaycan dövlətin tələbi əsasında xidmətini vətənində davam etmişdir. Hazırda təqaüddǝdir. Həyatında haqsızlığa yol verməmişdir. Ona görə də, ona vətəndaş Ağayevanın söhbətləri çox pis təsir etdi. O vətəndaş Cavabdeh bildirdi ki, təmənnasız o ona hərtərəfli hüquqi köməklik edər, ta ki, haqq ədalət öz yerini tutsun. Bundan sonra o, ondan xahiş etdi ki, o Şahid zəng vurmayıb və bu fakt üzrə başqa adamlarla məsləhətləşməsin. O razılaşdı, lakin şübhəli qaldı. Buna baxmayaraq o ona çox köməklik etdi. Bir neçə gündən sonra Ağayeva bildiridi ki, onun mədəsində xərçəng xəstəliyi var və ona təcil müalicǝ lazımdır. O onun qızı Ağayeva ilə birlikdə getdik xəstəxanaya. Ondan 500 (beş yüz ) manat pul aldı və birlikdə kassaya ödədilər. O, aparatdan keçdikden sonra məlum oldu ki, onun mədəsində heç bir ciddi xəstəlik yoxdur. O, yalnız yoxlanmaq istəyirdi. Vətəndaş Ağayeva yalandan onu inandırdı ki, oğlu X2 qardaş Türkiyə dövlətində universitetin 4-cü kurs tələbəsidir. Tələbə yoldaşlarının işində geri qalmasın deyə ona İPHONE 15 PRO 256 GB BLUE, mobil telefonu almaq lazımdır və ondan xahiş etdi ki, o öz adına götürür. Binəqədi rayon, Azadlı metrosu qarşısında yerləşən "Kontak home"a ilkin ödəniş olmadan 3500 ( üç min beş yüz ) manat dəyərində son qiyməti isə 4554 (dörd min beş yuz ǝlli dörd ) manat olmaqla o öz adımna götürdü. Çünki ona bildirdi ki, onun qızı hərbiçi olduğuna görə və onun özünə, oğluna və qızına kredit vermirlər. Bundan sonra o, ona bildirdi ki, ayın axırında o, ona 1000 (min) manat pul verəcək və hər ay kredit borcunun 233 manat 88 qəpik özü ödəyəcək. Bildirir ki, bir az keçdikdən sonra yǝri 22 aprel 2024-cü il tarixdə o Ağayevadan pul tələb etdikdə o, ona bildirdi ki, pulu yoxdur. Lakin telefonun kreditinin bir hissəsini ödədi. Bu haqqda o Binəqədi polis idarəsinin 5-ci bölməsinə ərizə ilə müraciət etdi. Binəqədi Polis idarəsi məsələni aydınlaşdırdıqdan sonra ona bildiridlər ki, məhkəmə orqanlarına müraciət etsin. O Cavabdeh Binəqədi rayonunda yerləşən notariusa davət etdi. Notarius bu barədə onlara heç bir köməklik edə bilmədiklərini bildirdilər Bu zaman Ağayeva notarius postunda yazılı sürətdə yazaraq ona bildirid ki, telefonun kredit pulunu hər ay özü ödəyəcək və hazırda həmin telefonu oğlu Nicat işlədir. Bildirir ki, vətəndaş Ağayeva maşınla vurulmayıb. O, sadəcə əllərində çanta olaraq Sahil metrsonun yaxınlığında yeraltı keçiddən ekskalatorla düşərək üzü üstə pilləkənlərdən yıxılaraq xəsarət alıb. Bu haqqda kamera çəkilişi var. Qaradağ rayon məhkəməsində baxılmamış məhkəmə iddia ərizəsi var. Vətəndaş Ağayeva dələduzluq yolu ilə indiki yaşadığı Lökbatan əsəbəsində mənzili qeyri qanuni yolla alıbdır. Onun həyat yoldaşı şəhid olmayıb. Şəhid ailəsi kimi saxta sənədlər təqdim edərək və şantaj yolu ilə həmin mənzil alınıbdır. Vətəndaş Ağayeva Hərbi hissənin yeməkxanasında aşbaz işləyib. Yalnız özünü med institutunu bitirmiş və həkim kimi işlədiyini təqdim edir.Bundan sonra o Şahid ilə görüşən zaman o, ona bildirdi ki, Cavabdeh Aldığı mənzilin bank vasitəsilə tam pulunu ödəyir və o, şantaj yolu ilə ondann əlavə pul almaq istəyir. Vətəndaş Şahid bildirdi ki, Ağayeva ona da qızı Telli üçün 1300 ( min üç yüz ) manatlıq telefon aldır. Lakin telefonun pulunu ödəməyib və o məcbur qalaraq özü ödəyib. Bundan əlavə vətəndaş Ağayeva Binə qəsəbəsində yaşayan və orta məktəbdə müəllim işləyən Cabbarov Etibardan satdığı mənzilə görə min manat beh alaraq onu da şantaj edǝrǝk pulunu verməyib. Bu gündə vətəndaş Ağayevə onun adına götürülən mobil telefonu tam ödəmir. "Kontak Home" firmasının problemli şöbəsindən, telefon nömrəsi 051 ***-**-** onun telefonuna zəng vuraraq kreditin tam ödənilməsini tələb edirlər. Bu və digər faktları nəzərə alaraq, ona dediyi vaxtda 1000 manatı vermǝdiyini, mobil telefonun kreditini vaxtı-vaxtında ödəmədiyini, gələcəkdə müxtəlif bəhanələr gətirərək telefonun pulun verməməyi nəzərə alaraq qərara gəldi ki, məhkəməyə müraciət etsin.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə tanışlıqları olub. Gülmira ona evi problemindən danışıb və bildirib ki, Türkiyədə təhsil alan oğlu telefon istəyir, amma özünün kredit götürmək imkanı yoxdur, qızı üçün cehiz əşyalarını kredit götürmüşdür. Onun Gülmiranın vəziyyətinə yazığı gəldiyindən ona dedi ki, evini əlindən alıblar, onun da onun bu halına yazığı gəldi və Gülmiranın oğlu üçün telefonu öz adına aldı. Gülmira ona dedi ki, telefonu öz adına al, aylıq ödənişini hər ay özü ödəyəcək, amma dediyinə əməl etmədi, ödəniş eləmədi. Telefonu əvvəl bağlatdırmışdı. Telefon hazırda Gülmiradadır, bu faktı Gülmira əvvəlki məhkəmə işində etiraf edib. Gülmira telefonun aylıq ödənişlərini kreditora ödəmək istəmir, halbuki telefon Gülmira üçün alınmışdı və kreditini də Gülmira özü ödəməlidir. Cavabdeh telefonun pulunu ödəmədiyinə görə "xxxx" MMC-nin nümayəndələri ona zəng edirlər, ancaq hələ onunla bağlı məhkəməyə müraciət etməyiblər. Mobil telefon Gülmiradadır, ona telefon lazım deyildir. O Gülmiradan pul və ya əşyanın özünü istəmir, Gülmiranın telefonun kredit pulunu “ABC”-yə ödəməsini istəyir.
8. Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçını əvvəldən tanıyır. O oğlu üçün telefon almaq istəyirdi. O, ona dedi ki, “Kontakt Home” mağazasına gəl, onun üçün telefon alır. İddiaçı telefonu öz adına almışdı, lakin telefonun aylıq ödənişlərini hər ay özü edirdi. Hazırda telefonu iddiaçıya qaytarmışdır, telefon artıq onda deyildir.
9. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. Maddə 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. Maddə 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 14.2.7. Əsassız varlanma. Maddə 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. Maddə 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma
13. İddia əsassızdır.
14. İşin mübahisəsiz halları budur ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü ildə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti bitməmişdir. İddiaçı həmin müqavilənin predmeti olan İphone 15 Pro markalı telefonu cavabdeh üçün aldığını, telefonun özünü və ya telefon üçün ödənilmiş kredit ödənişlərini geri istəmədiyini, cavabdeh tərəfindən kreditin bundan sonrakı aylıq ödənişlərin icra edilməsini xahiş etmiş etmişdir. Lakin cavabdeh məhkəmə iclasında mobil telefonun onda olmadığını bildirmişdir.
15. Göründüyü kimi, öhdəliyin icrasının tələb edildiyi şəxs (Cavabdeh) nisyə alqısatqı müqaviləsinin tərəfi deyildir. Müqavilə tərəfləri İddiaçı (alıcı) və "xxxx" MMC-dir (satıcı). Məhkəmə iclasında iddiaçının tələbinin nədən ibarət olması dəqiqləşdirilmiş, iddiaçı məhz alqı-satqı müqaviləsi üzrə icra edilməmiş öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb etdiyini bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı müstəqil bağladığı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin müqavilə tərəfi olmayan üçüncü şəxs tərəfindən icra edilməsini tələb etmək barədə subyektiv hüquqa malik deyildir.
17. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
18. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
19. Bu mənada, məhkəmənin qənaətinə görə, Cavabdeh qarşı iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, iddiaçıda “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun cavabdeh tərəfindən icra edilməsi” barədə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia tələbi təmin edilə bilməz. Nəticə
20. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
21. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “22 mart 2024-cü il tarixdə Binəqədi rayonu Azadlıq metrosunun qarşısında yerləşən Kontak Home firmasında onun adına götürülən mobil telefon İPHONE 15 PRO 256 GB Blue markalı ilkin qiyməti 3500 manat, kreditdən sonra qiyməti 4554 manat pul vəsaiti və dövlət rüsumu 66 manat olaraq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova