Məhkəmə qərarları › İş №2(002)-2554/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2554/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2554/2024 11.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş bir uşağın saxlanması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment təyin olunması barədə qətnamə dəyişdirilərək, Cavabdeh xx.xx.2008-ciil tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit məbləğdə hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehlə faktiki nikahdan, bir uşağı yəni xx.xx.2008-ci il tarixdə X3 adlı uşağı doğulmuşdur. Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnamə ilə Cavabdeh bir uşağın saxlanması üçün hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən 5 il keçməklə ödəmələrin miqdarını müəyyənləşdirən hallar dəyişdirilməklə hazırda bir uşağın yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdeh uşağına könüllü olaraq başqa heç bir maddi yardım göstərmir, o isə 160 manat məbləğində pulla uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh müəyyən gəlirə malikdir. O, maraqlanıb, maddi vəziyyəti yaxşıdır. Cavabdeh fərdi əməklə məşğuldur, həm böyük yük maşını sürür həmdə ticarətlə məşğuldur, dükanlara mal paylayır. O, isə hazırda 160 manat pulla uşağın gündəlik problemlərini həll etməkdə çətinlik çəkir. Nəzərə alsa ki, bu gündə hər şey bahadır. Bu barədə uşağın atasına deyilsə də o, könüllü olaraq alimenti artırmaq niyyətində deyildir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əvvəllər 160 manat idi, indi uşaq böyüyüb, həmin məbləğ uşağın kurs xərclərinə gedir, uşaq özü də xəstədir, müalicə alır. Cavabdeh evlənməyib, uşaqla ancaq telefonla danışır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, 03 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1982/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdi. İş materiallarında AZ-İ seriyalı 354211 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 03 iyul 2008-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixində 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında himayəsində 03 iyul 2008-ci il təvəllüdlü X3 olmaqla yaşayır. AZEMİS Elektron Məhkəmə Sistemindən tərəflərin qohumluq münasibətləri ilə bağlı verilmiş soğulardan görünür ki, 03 iyul 2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin bir övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin bir övladlarının olması, uşağın iddiaçının yanında olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmişdi. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 03 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 759/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 03 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-759/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar