Məhkəmə qərarları › İş №2(002)-257/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-257/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-257/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İbrahimova (Məlikova) Zülfiyyə İlham qızına qarşı borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh İbrahimova (Məlikova) Zülfiyyə İlham qızına qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İbrahimova (Məlikova) Zülfiyyə İlham qızından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 46,85 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə 57,56 manat faiz borcu, 150,17 manat məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10,76 manat faiz borcu olmaqla, ümumilikdə 265,34 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, xx.xx.2014-cü il tarixli, 633337 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən İbrahimova (Məlikova) Zülfiyyə İlham qızına İddiaçı ASC-dən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 308,02 manat məbləğində kreditə çevrilməklə restruktruzasiya edilmiş və müddəti xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixinədək İbrahimova (Məlikova) Zülfiyyə İlham qızının ləğv prosesində olan İddiaçı ASC-yə 46,85 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə 57,56 manat faiz borcu, 150,17 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,76 manat faiz borcu, ümumilikdə 265,34 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh İbrahimova (Məlikova) Zülfiyyə İlham qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1535DT saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən, habelə həmin müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, iddiaçı bank ilə cavabdeh X2 arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən X1 36 ay müddətinə 300 manat məbləğində kredit xətti verilmiş, sonradan illik 27% hesablanmaq şərtilə müqavilə müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan İbrahimova (Məlikova) Zülfiyyə İlham qızının ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ilə əlaqədar xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İbrahimova (Məlikova) Zülfiyyə İlham qızının ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixinə 46,85 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 57,56 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 150,17 manat cərimə, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi illik 5%-lə hesablanmış 10,76 manat faiz borcu olmaqla, cəmi 265,34 manat borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış faiz borcu, habelə müqavilənin bitdiyi tarixdən illik 5%-lə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 10 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İbrahimova (Məlikova) Zülfiyyə İlham qızından 46,85 manat əsas borc, 57,56 manat müqavilə müddəti üçün faiz borcu, 10 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10,76 manat faiz borcu olmaqla, cəmi 125,17 manat (yüz iyirmi beş manat on yeddi qəpik) borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar