Məhkəmə qərarları › İş №2(002)-2570/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2570/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2570/2021 02.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1414.33 manat əsas borcu, 929.68 manat faiz borcunun, ümumilikdə 2344.01 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2019-cu il tarixli, 102804-661974/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2500,00 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o Banka olan borcunu ödəməmişdir. 07 iyul 2019-cu il tarixinə borclunun kredit müqaviləsi üzrə 1414.33 manat əsas borc və 929.68 manat faiz borcu olmaqla, cəmi 2344.01 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditinin qaytarılmasını, kredit və dəbbə pullu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək,mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı tələbində qeyd olunan məbləği qəbul etmədiyini və ekspertizanın keçirilməsini istəmədiyini bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərədən keçirərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 102804-661974/1 nömrəli, 04.03.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətində, 2500 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş, 07 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.03.2019-cu il tarixli 102804-661974/1 nömrəli kredit müqaviləsinə əsasən, 07.07.2021-ci il tarixə banka 1414.33 manat əsas borc və 929.68 manat faiz borcu olmaqla, cəmi 2344.01 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 448 gün təşkil edir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə 23 ay müddətində hər ay 134.43 manat, 24-cü ay 133.36 manat məbləğində ödəniş etməklə, ümumi 2500 manat məbləğində əsas borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 04.03.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 2500,00 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 14.05.2020-ci il tarixli, 102/102/0266/2020 nömrəli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2500 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 23 ay müddətində hər ay 134.43 manat, 24-cü ay 133.36 manat məbləğində ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə iclaısnda cavabdeh iddia tələbinin etirafına dair yazılı ərizə təqdim etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1414.33 manat məbləğində əsas borc, 929.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 2344.01 manat məbləğində borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Exspressbank” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1414.33 manat məbləğində əsas borc, 929.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 2344,01 manat məbləğində borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar