Məhkəmə qərarları › İş №2(002)-2573/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2573/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2573/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2020-ci il tarixli, 116-EMB-1062-20 saylı kredit müqaviləsinin ləqğvi və Cavabdeh əsas borcu 784.00 AZN faiz borcu 0.00 AZN cərimə borcu 117.60 AZN , 30 (Otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 932.00 AZN borcun Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1336,00 (bir min üç yüz otuz altı manat 00 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 avqust 2020-ci il tarixli, 116-EMB-1062-20 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 22.07.2021-ci il tarixə əsas borcu 784.00 AZN (yeddi yüz səksən dörd manat 00 qəpik), faiz borcu 0.00 AZN (sıfır manat 00 qəpik), cərimə borcu 117.60 AZN (bir yüz on yeddi manat 60 qəpik) olmaqla ümumi borcu 901.60 AZN (doqquz yüz bir manat 60 qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 03 may 2021-ci il tarixli, 14697/21 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, əsas borcu qəbul etdiyini, lakin cərimə borcunu qəbul etmədiyini bildirdi və bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 116-EMB-1062-20 saylı müqavilənin məzmunundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh 12 ay müddətində, illik 0% dərəcəsi ilə, 1 336.00 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 116-EMB-1062-20 saylı kredit müqaviləsinə 1 saylı əlavənin məzmunundan görünür ki, Cavabdeh 11 ay 111 manat, 12-ci ay 115 manat olmaqla krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.07.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 22.07.2021-ci il tarixə əsas borcu 784.00 AZN, faiz borcu 0.00 AZN, cərimə borcu 117.60 AZN ümumi borcu 901.60 AZN təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan 14697/21 nömrəli, 03.05.2021-ci il tarixli son xəbərdarlığın məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş 01.08.2020-ci il tarixli istehlak kreditinin alınması üçün ərizənin surətindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 1 336.00 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 423.2-ci maddəsində müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 116-EMB-1062-20 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 1 336.00 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 11 ay 111 manat, 12-ci ay 115 manat məbləğində ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 01.08.2020-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 116-EMB-1062-20 saylı kredit müqaviləsi üzrə 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qadırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən hər iki kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə "xxxx" BOKT QSC aarsında bağlanılmış 01 avqust 2020-cı il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 116-EMB-1062-20 saylı kredit müqaviləsi üzrə 784.00 manat əsas borc, 20 manat cərimə borcu, olmaqla, cəmi 804.00 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" BOKT QSC aarsında bağlanılmış 01 avqust 2020-cı il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 116-EMB-1062-20 saylı kredit müqaviləsi üzrə 784.00 manat əsas borc, 20 manat cərimə borcu, olmaqla, cəmi 804.00 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar