Məhkəmə qərarları › İş №2(002)-2596/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2596/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2596/2023 19.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(002)-5558/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artıraraq Cavabdeh 23 fevral 2012-ci il tarixdə doğulmuş X3 və 02 aprel 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 220 manat, iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyi 50 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(002)-5558/2016 saylı qətnaməsi ilə Cavabdeh 23 fevral 2012-ci il tarixdə doğulmuş X3 və 02 aprel 2013-cü il təvəllüdlü X2 yetkinlk yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 117 manat, iki uşağa görə 234 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda bir uşağın yaşayış munimumu 220 manat müəyyən edilmiş, cavabdehin ödədiyi alimentin məbləği yaşayış minumuma uyğun deyildir. Odur ki, alimentin hazırki yaşayış minumuna uyğun olaraq 220 manat məbləğində ödənilməsi üçün məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh fərdi əməklə məşğul olmaqla, kifayət qədər gəlir əldə edir. Lakin bununla bağlı onun məhkəməyə təqdim edə biləcəyi hər hansı mötəbər sübutu yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı teleqram vuraraq yas mərasimi düşdüyünə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Cavabdeh teleqramını nəqərdən keçirib hesab edir ki, hazırkı vəziyyətdə işin təxirə salınması üçün prosessual əsaslar yoxdur. Ona görə də məhkəmə iclası davam etdirilməli, işə cavabdehin iştirakı olmadan baxılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00616 nömrəli “İlkin medeiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi X4 məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(038)-196/2015 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh ilə İddiaçı arasında Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Bozayran inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 23 fevral 2012-ci il tarixdə 03 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 23 fevral 2012-ci il tarixdə doğulmuş X6 və 02 aprel 2013-cü ildə doğulmuş X5 anaları İddiaçı himayəsində saxlanılması, 23 fevral 2012-ci il tarixdə doğulmuş X6 və 02 aprel 2013-cü ildə doğulmuş X5 anaları İddiaçı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment pulu alınaraq anaları İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(002)-5558/2016 saylı qətnaməsi ilə Cavabdeh 23 fevral 2012-ci il tarixdə doğulmuş X3 və 02 aprel 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 117 manat, iki uşağa görə cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosedsində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan iki övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsinə əsasən ayrılmaları və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisəlndirilməsinə və dsübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, cavabdehin hazırda ödədiyi aliment günbəgün böyüyən və tələbatları daim artan uşaqların məqbul səviyyədə saxlanılması üçün kifayət deyildir. Uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Beləliklə, məhkəmə hesab edir ki, Respublikada qəbul olunmuş minimum əmək haqqı və sosial təminatlarla bağlı digər meyyarlar nəzərə alınmaqla, iddia qismən təmin edilməli, 23 fevral 2012-ci il tarixdə doğulmuş X6 və 02 aprel 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-5558/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 190 manat, iki uşağa görə 380 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin 25 manatı cavabdehə aid edilərək ondan iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddaçı cavabdehin daha artıq gəlirə malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, alimentlə bağlı iddianın təmin edilmiş hissəsinə münasib olaraq 65.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması) ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 23 fevral 2012-ci il tarixdə doğulmuş X6 və 02 aprel 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-5558/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 190 manat, iki uşağa görə 380 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin 25 manatı tutulsun. Alimentin tutulmasının əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması aparılsın. İş üzrə ödənilməli olan 65.60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar