Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2605/2025 06.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.550 manat borc və ödənilmiş 35,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.585 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2023cü ilin mart ayından etibarən Qarabağ bölgəsində, Laçın rayonu Zabux kəndində məcburi köçkünlük həyatı yaşamış azərbaycanlılar üçün fərdi yaşayış evlərinin tikintisini aparmışdır. Tikinti prosesi zamanı yaxın münasibətdə olduğu və tanıdığı Cavabdeh xx.xx.2023-cü il tarixdə ona olan etibarından, inamından sui-istifadə edərək 1 ay müddətinə qaytarmaq şərti ilə 1.550 manat borc almışdır. Cavabdeh bildirmişdir ki, pul ona guya ailə vəziyyətinə görə, yəni uşağının xəstə olması ilə bağlı yaranmış problemlərin həll edilməsi üçün lazımdır. 1.550 manat borc pulun 550 manatını xx.xx.2023-cü il tarixdə saat 19:52-də öz şəxsi plastik kartından cavabdehin 4098-5844-9795-3388 saylı kartına köçürmüş, 1.000 manatını isə Laçın rayonu Zabux kəndində əlbəəl, nağd şəkildə vermişdir. Cavabdeh tərəfindən bununla bağlı iltizam yazılmış və imzalanmışdır. Ondan pulu alan cavabdeh həmin vaxtdan onunla əlaqə saxlamamış, telefon zənglərinə və mobil tətbiq üzərindən yazdıqlarına cavab verməmişdir. Borc verdiyi pulun alınması üçün 07 mart 2024-cü il tarixdə Laçın RPŞ-yə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində dəvət olunaraq izahatları alınmışdır. Bundan sonra, 06 may 2024-cü il tarixdə ona məhkəməyə müraciət etmək hüququnun olması barədə cavab məktubu verilmişdir. Cavabdeh əvvəl istifadə etdiyi 099 206-20-93 telefon nömrəsini dəyişərək ləğv etmişdir, hazırda 070 730- 44-05 və 099 206-0-93 telefon nömrələrini işlədir. Cavabdehin bu hərəkəti göstərir ki, aldığı pul vəsaitini bilərəkdən və qəsdən qaytarmaq istəmir. Bu barədə tərtib olunmuş iltizamdan göründüyü kimi, cavabdeh ondan 550 manat plastik karta köçürmə yolu ilə, 1.000 manatı nağd şəkildə olmaqla, cəmi 1.550 manat borc almışdır. Cavabdeh borc aldığı pulu xx.xx.2023-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər qaytarmamışdır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, Laçın rayonu Zabux kəndində tikinti işlərini apardığı zaman Cavabdeh yaxın dostu və qonşusu X4 yaxın münasibətdə olmuşlar və Cavabdeh onun vasitəsilə Laçına işləməyə gətirilmişdir. X1 da ona 1.500 manat borcu olmasına baxmayaraq onun tərəfindən ödənilmiş, lakin borcun ödənilməsinə qədər onun Nicatla telefon danışıqları olmuşdur. Həmin telefon danışıqları zamanı hər dəfə Cavabdeh görüb-görmədiyini soruşmuş və sonuncunun ona olan 1.550 manat borcunu nə vaxt qaytaracağını öyrənməsini demişdir ki, onu tanıdığı üçün Məhəmmədin fikrini öyrənsin. Lakin bu səs danışığında X5 bildirir ki, hər dəfə o, Məhəmməddən bu barədə soruşmuş, ləkin o həmin pulu verməyəcəyini bildirmişdir. Telefon danışığından aydın olur ki, Sadıqov Nicat onunla Məhəmməd arasında olan pul borcunu ona xatırlatsa da o, buna məhəl qoymamışdır. xx.xx.2024-cü il tarixdə 7:55 dəqiqə, xx.xx.2024-cü il tarixdə 4:07 dəqiqə, xx.xx.2025-ci il tarixdə 6:00 dəqiqədə X4 ilə telefon danışıqlarında Cavabdeh haqqında həmin, ona borclu olduğu 1.550 manat pul vəsaiti barəsində danışıqları olub və onur qaytarılmasının ondan soruşulmasının xahiş olunmasına baxmayaraq Cavabdeh buna əhəməyyət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 2605/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 02 sentyabr 2023cü il tarixə qədər qaytarmaq şərti ilə 550 manatını plastik karta köçürmə, 1.000 manatını isə nağd şəkildə olmaqla, cəmi 1.550 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh İddiaçı 1.550 manat borc pul almış, verilmiş borc məbləğini qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən, iddiaçı öncə hüquq-mühavizə orqanlarına (ərizə ilə Laçın RPŞ-yə), daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim olunmuş mötəbər sübutlardan göründüyü kimi, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 35,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.550 manat borc və ödənilmiş 35,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.585,50 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.550 manat borc və ödənilmiş 35,50 manat dövlət rüsumu olmaqla, cəmi 1.585,50 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2605/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-2605/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver