Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2607/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçınun Cavabdeh MMC-ə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh MMC-ə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firması firmasından ona borclu olduğu ümumilikdə 42000 manat məbləğində borc pulun və ödədiyi 216 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2009-cu ilin may ayında “Binə bazarı” adlanan ticarət mərkəzindən qeyri-yaşayış sahəsi almaq üçün müraciət etmişdir.20 may 2009-cu il tarixində Cavabdeh firmasına 43000 manat ödəniş edərək alqı-satqı etmişlər. “Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan mağaza mülkiyyətinə keçirilməli idi.Lakin cavabdeh onun hüquqi savadsızlığından istifadə edərək ona icarə müqaviləsinə qol çəkdirmişdir.Daha sonra mağazanınn təmirdə olduğunu, “Yeni Bazar” ticarət obyektinin tikintikisinin başa çatmadığını bəhanə gətirərək uzun müddət mağazanın təhvil prosesini gecikdirmişdir.O mağazanın ona təhvil verilməyəcəyini anladıqdan sonra dəfələrlə ödədiyi məbləği tələb etmiş,lakin cavabdeh tərəfindən ödəniş müddəti uzadılmışdır.Sonuncu dəfə 2021-ci ilin noyabr ayında ödədiyi 43000 manat məbləğdən 1000 manat vəsait qaytarılmışdır.Qalan məbləği isə hissə-hissə qaytaracaqlarını bildirsələr də bu günədək ona pul qaytarmayıblar. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərziəsinin məzmununa uyğun izahat verərək, öz izahatında iddiaçı 2009-cu ilin may ayında “Binə bazarı” adlanan ticarət mərkəzindən qeyri-yaşayış sahəsi almaq üçün müraciət etmişdir,20 may 2009-cu ildə cavabdehə 43000 manat ödəniş edərək alqı-satqı etmişdir,”Yeni Bazar” ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan mağaza mülkiyyətinə keçməli idi,lakin cavabdeh iddiaçının hüquqi savadsızlığından istifadə edərək ona icarə müqaviləsinə qol çəkdirmişdir,daha sonra mağazanın təmirdə olduğunu,”Yeni Bazar” ticarət obyektinin tikintisinin başa çatmadığını bəhanə gətirərək uzun müddət mağazanın təhvil prosesini gecikdirmişdir,iddiaçı mağazanın təhvil verilməyəcəyini anladıqdan sonra dəfələrlə ödədiyi məbləği tələb etmiş,lakin cavabdeh tərəfindən ödəniş müddəti uzadılmışdır,sonuncu dəfə 2021-ci ilin noyabr ayında ödədiyi 43000 manat məbləğdən iddiaçıya 10000 manat vəsait qaytarmışdırlar,qalan məbləği isə hissə-hissə qaytaracaqlarını bildirsələr də bu günədək iddiaçıya pul qaytarmayıblar,faktla bağlı Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinə müraciət etsə də müraciəti cavabsız qalmışdır,icarə müqaviləsinin arxasında pulun verildiyi yazılıb,müqavilədə şirkətin imza və möhürü var,iddiaçı tərəf verdiyi pulu geri tələb etdikdə cavabdeh şirkətin nümayəndələri iddiaçıya bildirdilər ki,bir az da pul verin sizin sahənizi digər sahə ilə dəyişdirək,iddiaçı tərəf bu təkliflə razı olmadıqda isə ona 1000 manat verməyə məcbul qaldılar,daha sonra hər ay müəyyən ödəniş ödəcəklərini bildirdilər,ancaq bundan sonra heç bir ödəniş edilmədi,indi də ödədiyi pulun ona geri qaytarılmasını tələb edir, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin bildirdiyinə görə cavabdehə 43000 manat verib,hadisədən 13 il keçib,amma həmin müddət ərzində iddiaçı tərəf bir dəfə də olsun müraciət etməyib,43000 manat heç də az məbləğ deyil,iddiaçı tərəf 13 il ərzində sakit dayanıb,pulun verilməsi barədə iddiaçı tərəf sübut təqdim edə bilmir,hətta hesab edirik ki, belə hal olmuş olsa idi belə iddiaçı tərəf iddia tələbi müddətini ötürüb,həmin pul vəsaitini kimə veriblər kimə ödəyiblər o hal belə bəlli deyil, şirkətin əməkdaşına ödəyiblər, bu hallar belə sübut olunmur.iddia tələbi üzrə qeyd eidlən məbləğdə heç bir ödəniş olunmadığını, əgər elə bir ödəniş olunubsa, şirkət tərəfindən onlara kassa məxaric orderi verilməli olduğunu, belə bir qəbz isə məhkəməyə təqdim edilməmiş, bundan əlavə isə əgər elə bir hal var idisə, 2009-cu ildə indiyə kimi harada idilər, niyə tələb irəli sürməyiblər, indi pul tələb edirlər, iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını,şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində Mehdi ilə iş yoldaşı olduğunu,onlara dedi ki,cavabdeh şirkət obyekt satır,o də onunla getdi,obyekt pis gündə idi,orada şirkətin işçisi Solmaz adlı xanım vardı,o,obyektlərin satılması işlərinə baxırdı,onlar ona obyektin pis gündə olduğunu bildirdi,o da onlara bildirdi ki,obyekti təmir edərlər,Mehdi orada Solmaza 42000 manat verdi,amma uzun müddət keçsə də şirkətdən heç bir cavab gəlmədi,daha sonra Mehdi onunla 2019-cu ilin noyabr ayında yenidən şirkətə getdi,orada pulun geri qaytarılması məsələsində mübahisə yarandı,Mehdi dedi ki,ya obyekti təhvil verin,ya da pulu geri verin,Solmaz da məcbur qalaraq Mehdiyə 1000 manat verdi,daha sonra dedi ki,orta məbləğdə razılaşarlar,pulu geri qaytaracaqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək, öz ifadəsində Mehdini 2000-ci ildən tanıdığını,o,polis əməkdaşı olub,tələbə yoldaşı onun rəisi olub,özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur,Mehdi 2009-cu ildə onlara dedi ki,cavabdeh şirkət obyekt satır,o da onunla getdi,həmin sahəni də,mağazaları da gördü,amma bəyənmədi,həm də “Riyad” ticarət mərkəzi daha ucuz qiymətə və daha keyfiyyətli sahə təklif edirdilər,o Mehdi müəllimin ofisdəki işçiyə 42000 manat pulu verdiyini gördü, çünki o də orada olduğunu bildirdi. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X1 ifadə verərək, öz ifadəsində Mehdini tanıdığını,iş yoldaşı olub,2009-cu ilin may ayında Mehdi onlara dedi ki,cavabdeh şirkət obyekt satır,o də onunla getdi,sahəyə və oradakı mağazalara baxdı,sahənin qiymətini də orada dedilər,amma nə obyekti təhvil verdilər,nə də pulu geri qaytardılar,onların iş yoldaşının başına da cavabdeh tərəfindən eyni hadisə gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, öz ifadəsində Mehdini tanıdığınıiş yoldaşı olub,onlara dediki obyekt götürüb,işlətmək istəyir,şirkət də obyekt satırdı,onlar da obyektə baxmaq üçün getdilər, obyektin emulsiyası vardı,amma tam hazır vəziyyətdə deyildi,Mehdi pulu şirkətə ödədi,2019-cu ildə pulun geri ödənilmədiyini görən Mehdi onunla bir yerdə şirkətə getdi,orada pulun geri qaytarılmasında mübahisə oldu,Solmaz adlı xanım 1000 manatı geri qaytardı,qalan məbləğin də ödəniləcəyini bildirdi,1000 manatdan başqa heç bir ödəniş edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qimsində dindirilmiş X4 ifadə verərək, öz ifadəsində İddiaçının həyat yoldaşı olduğunu,özü polis əməkdaşı olmuşdur,indi pensiyaya çıxmışdır,2009-cu ildə cavabdeh ticarət mərkəzində yer satırdı,onlar da 42000 manat 10-cu sahədə yer satın aldılar,müqavilə imzaladılar,pulu özü verdi,amma müqavilə iddiaçının adına imzalanıb,ticarət mərkəzi işləmir,ondan başqa iş yoldaşlarını da aldadıblar.O özü dövlət idarəsində işlədiyinə görə həyat yoldaşının adına aldı, ancaq bütün prosesləri o etmişəm, yeri tapmaq, pulun verilmsi, müqavilənin bağlanılması, hamısını özü etmişdir, sadəcə yoldaşının adına sənədləşdirmişlər, pulu da orada onların nümayəndəsi var idi ona verdilər, onlar elə bildi ki, bu müqavilə bağlanılması kifayətdir, ona görə də heç bir qəbz almadıqlarını bildirdi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr çıxış edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337-ci maddəsinin mənasına görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd etibarsız hesab olunduqda, bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 700-cü maddəsinin mənasına görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1). Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki mülki iş üzrə müvafiq əmlakı 2009-cu il tarixdə cavabdehdən satın aldığını, bunun müqabilində əmlakın dəyəri qismində 43000 manat ödəniş etdiyini, lakin həmin əmlakın cavabdeh tərəfindən ona təhvil verilmədiyin, habelə ödədiyi pulun 1000 manat hissəsinin geri qaytarılsa da, qalan 42000 manat pul vəsaitinin ona geri qaytarılmadığını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, qeyd edilən halları qəbul etməmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılması halı müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməli və bu hüquq müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır. İndiki halda isə belə bir müqavilənin mövcudluğu, habelə tərəflər arasında daşınmaz əmlakla bağlı alqı-satqı münasibətlərinin mövcudluğu aşkar edilməmişdir. İddiaçı tərəfindən qeyd eidlən halla bağlı yeganə sübut qismində “icarə müqaviləsi” adlı sənəd təqdim edilmişdir.Məhkəmə qeyd edilən sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin predmeti qismində müqavilə bağlandığı vaxt mövcud olmayan əmlak çıxış etmişdir. Bununla əlaqədar məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, icarə müqaviləsinin predmeti olan torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr icarə verənə məxsus olmalıdır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, müqaviləni predmeti qismində məhz gələcəkdə mövcud olan əmlak deyil, müqavilənin bağlandığı anda mövcud olan əmlak çıxış edə bilər. Eyni zamanda mülki qanunvericiliyin tələbinə əsasən müqavilənin predmeti onun mühüm şərti hesab edilir. Lakin mülki işin materiallarından, habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatları əsasında müəyyən edilir ki, inşası başa çatdırılmamış və cavabdeh Firmaya məxsus olmayan əmlakla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Başqa sözlə tərəflər arasında müqavilənin bağlanıldığı an mövcud olmayan əmlakla bağlı icarə müqaviləsi bağlanılmışdır. Deməli tərəflər arasında mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla icarə müqaviləsi bağlanılmışdır. Bu hal isə öz növbəsində tərəflər arasında bağlanılmış icarə müqaviləsinin mülki qanunvericiliyin tələbinə əsasən etibarsız müqavilə kimi qiymətləndirilməsinə əsas verir. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn hüquq münasibətləri də mövcud olmamışdır. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı tərəflər arasında alqı-satqı və ya icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu aşkar edilməmişdir. Bundan əlavə isə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona məxsus olan qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehə verilməsi, cavabdeh tərəfindən qeyd eidlən məbləğdə pul vəsaitinin təhvil alınması, bunun nəticəsində iddiaçınin həmin məbləğdə pul vəsaitindən məhrum olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən qeyd edilən hala dair sübut qismində yalnız şahid ifadələri təqdim edilmişdir. Məhkəmə qeyd edilən sübut vasitələri ilə bağlı onu qeyd edir ki, şahidlərdən biri iddiaçının yaxın qohumu (əri) qismində çıxış edir ki, qeyd edilən hal özlüyündə həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, şahid ifadələri bir-biri ilə ziddiyət təşkil etdiyindən (bir qisim şahid ifadəsi pulun Mehdi tərəfindən verildiyini, digəri Əbdüləli tərəfindən verildiyini qeyd etmişdir) həmin sübut vasitələrinin mötəbər sübut qismində qəbul edilməsini, həmin ifadələrin düzgünlüyünü şübhə altına alır. Digər şahid ifadələri isə qeyd edilən halı ümumiyyətlə təsdiq etməmişdir. Qeyd edilənlərə əsasən həmin şahid ifadələrinin hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilməsi mümkün olmamış, habelə qeyd edilən halla bağlı başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə MM-nin 337.5-ci maddəsinin və 1091-ci maddəsinin dispozitiv şərtlərinin də müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə MM-nin 1096-cı maddəsinin də dispozitiv şərtlərinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdeh tərəf hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi ilə bağlı hallara izahatında istinad etsə də, qeyd edilən halla bağlı məhkəməyə ərizə təqdim etmədiyindən, həmin halın hazırki mülki iş üzrə tətbiq edilib-edilməməsinin mümkünlüyü məsələsi araşdırılmamışdır. Bundan əlavə, məhkəmə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin normalarını rəhbər tutaraq, hesab edir ki, İddiaçınun Cavabdeh MMC-ə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh MMC-ə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 216 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2607/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2607/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver