Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2699/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı ərizəsini nəzərdən keçirib məhkəmə aşağıdakı qərardadı qəbul etdi İddia tələbi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixində Bakə şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ödənişi etməli olduğu halda səhvən məhkəmə ödənişləri bölməsində Qaradağ Rayon Məhkəməsi bölməsini seçmiş və 59.64 manat pul köçürülmüş, yaranmış səhvlə bağlı köçürülən pulun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2025-ci ildə Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ödənişi etməli olduğu halda, səhvən məhkəmə ödənişləri bölməsində Qaradağ Rayon Məhkəməsini seşmiş və 59,64 manat pul köçürmüşdür. Yaranmış səshvlə bağlı köçürülən pulun geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmənin mövqeyi
3. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia yolverilməz olduğundan icraata qəbulundan imtina edilməlidir. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 153.2.1 Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərilir. 153.4 Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5 Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6 İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
5. “Dövlət rüsumu haqqında” Qanun: 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 10 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar. 6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” 24 iyun 2002-ci il tarixli Qərar 1.3. Bu Qaydalarda “dövlət rüsumunu tutan orqan” dedikdə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunu tutan dövlət orqanı nəzərdə tutulur.
2. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması halları - 2.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 2.1.1. dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə; 2.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 2.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. 2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması müddətləri- 3.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 3.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müraciətin qaydası-4.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. 4.2. Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.
5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üzrə vergi orqanının hərəkətləri-5.1. Vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir. 5.2. Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir 5.3. Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 7 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. 5.4. Tərtib olunmuş rəy nəticəsində büdcədən faktiki qaytarılmış rüsum məbləğləri maliyyə orqanlarının rəsmi məlumatlarına əsasən büdcə daxilolmaları barədə müvafiq hesabatlarda nəzərə alınır
6. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üzrə maliyyə orqanının hərəkətləri- 6.1. Maliyyə orqanı vergi orqanı tərəfindən verilmiş rəyləri qəbul edir, zərurət yarandıqda maliyyə orqanı əlavə məlumatlar tələb edə bilər. 6.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 2 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. 6.3. Maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılmasını təmin edir. 6.4. Maliyyə orqanı vergi orqanına düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarıldığı barədə 5 gün müddətində məlumat verir. 6.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu qaytarılarkən dövlət büdcəsinin mədaxili düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun faktiki qaytarılmış məbləği qədər azaldılır.
Əsaslandırma
7. Məkhəmə yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina edir.
8. Belə ki, iddiaçının tələbi səhvən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasından ibarətdir.
9. Məhkəmə qeyd edir ki, məhkəməyə ödənilmiş dövlət rüsumunun hər hansı bir mülki işə aid olması, hər hansı iddia ərizəsi ilə birlikdə verilməsi müəyyən edilməmişdir. Ödənilmiş dövlət rüsumunun məhkəmə tərəfindən vətəndaşa geri qaytarılması onun hansısa iddia ərizəsinə bağlı olduğu halda və Mülki Prosessual Məcəlləsini 114-cü maddəsində sadalanan hallarda həyata keçirilə bilər. Yəni məhkəmə tərəfidən iddia ərizəsi geri qaytarılarsa, iş üzrə icraata xitam verilərsə, baxılmamış saxlanılarsa, ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə və apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə, eyni zamanda Mülki Prosessual Məcəllənin 262.2-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilərsə dövlət rüsumunun həmin ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə Baş Maliyyə İdarəsi tərəfindən qaytarılması məhkəmənin müvafiq qərarında göstərilir.
10. Göründüyü kimi, məhkəmə icraatı çərçivəsində səhvən ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizəyə baxılmır. Ümumiyyətlə bu məzmunda ərizəyə mülki iddia kimi nömrə verilərək elektron paylamaya verilməsi düzgün olmamışdır.
11. Odur ki, iddiaçının ərizəsinə məhkəmə qaydasında baxıla bilmədiyindən, məhkəmə MPM-in 153.2.1-ci maddəsinə əsasən, həmin ərizəni qəbul etməkdən imtina edir.
12. Məhkəmə göstərilənlərlə yanaşı vətəndaşın hüquqi marağını nəzərə alaraq və MPM-in 153.3-cü maddəsinə əsasən, onun hansı orqana müraciət etməli olmasını izaha edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” 24 iyun 2002-ci il tarixli qərarın yuxarıda sadalanan normalarına əsasən, “dövlət rüsumunu tutan orqan” dedikdə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunu tutan dövlət orqanı nəzərdə tutulur.
13. Bundan əlavə, həmin Qaydalarda düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün da düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması proseduru izah edilmişdir.
14. Göstərilənlərə əsasən, ərizəçiyə bildirilir ki, o düzgün tutulmamış dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməli və ya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli və məhkəmə həmin ərizəni geri qaytardığı halda rüsumun da qaytarılması məsələsi həll edilməlidir.
Nəticə
15. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq
QƏRARAALDİ:
İddiaçı tərəfindən verilmiş ərizə iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova