Məhkəmə qərarları › İş №2(002)-2707/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2707/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2707/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75.000 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Lökbatan qəsəbəsində yerləşən xəstəxanada işləyən zaman baş həkim işləyən Elman həkimin vasitəsi ilə pensiyası dayandırılmış şəxslərin pensiyalarının bərpa edilməsinin mümkün olduğunu bildirmişdir. Ona görə də, o, pensiyası dayandırılmış şəxslərin pensiyalarının bərpa edilməsi ilə əlaqədar müxtəlif şəxslərdən pul alaraq cavabdehə vermişdir. Ümumilikdə məbləğ 75.000 manatdır. Əvvəlcə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri N.Rəcəbova rəsmi ərizə ilə müraciət etmişdir. İş araşdırılması üçün Qaradağ rayon Prokurorluğuna göndərilmiş və araşdırma aparıldıqdan sonra işin mülki qaydada araşdırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Qeyd olunan məbləğlər ayrı-ayrı şəxslərdən alınaraq Ağdam rayonunda yaşayan X5 vasitəsi ilə ona çatdırılmış, o isə həmin məbləğləri cavabdehə vermişdir. Göndərilən pulların qəbzlərini iddia ərizəsinə əlavə edir. Bundan əlavə, qeyd olunan məbləğlərin cavabdehə verilməsini təsdiq edən danışıqlar yazılmış diski məhkəmə iclasında məhkəməyə təqdim edəcək. Qeyd edir ki, bəzi şəxslərin pulları onun vasitəsi ilə vətəndaşlara qaytarılmışdır. Halhazırda qalan məbləğlərin qaytarılmasını Dilarədən tələb etsə də, həmin məbləğlər onun tərəfindən qaytarılmır və qaytarmaq niyyəti də yoxdur. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən həmin məbləğlər ödənildikdən sonra pensiyalar vətəndaşlara ödənilməli idi. Lakin o, öhdəliyə əməl etsə də, cavabdeh həmin öhdəliyə əməl etməmişdir. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi ilə razı deyil, iddia tələbi tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı ondan 75.000 manat məbləğində pul vəsaiti tələb etsə də, bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. İddia ərizəsinə Bakı şəhəri Qaradağ RPİ 11-ci PB-nin xx.xx.2022-ci il tarixli ***-**** saylı məktubu, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri N.Rəcəbovun adına ünvanlanmış ərizəsini və X1 adına göndərilmiş ayrı-ayrı 3 ədəd 2.300 manat, 2.000 manat və 1.200 manatlıq qəbzlər əlavə etmişdir ki, həmin sənədlər də sübut növü kimi qəbul edilə bilməz. Çünki, həmin sənədlər ona borclu olduğunu təsdiq etmir. Qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizəsi Qaradağ RPİ İŞ tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı məcburi köçkün olmaqla 1993-cü il tarixdən Qaradağ rayonu Umbakı qəsəbəsində məskunlaşmış, həmin qəsəbədə yerləşən xəstəxanada işə düzəlməklə orada işləmişdir. Həmin xəstəxananın da baş həkimi Elman Tarverdiyev olmuşdur. X6 1993-cü ildən tanımaqla bir yerdə işləmişdir. O, Elman Tarverdiyevin pensiya məsələləri ilə də məşğul olduğunu bilmişdir. X4 Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli xəstəxanada işə keçmişdir. 2021-ci ilin əvvəllərində Elman həkim ona pensiya məsələləri ilə bağlı müraciət edən olsa kömək edə biləcəyini bildirmişdir. O da bu barədə qohumu Ayaz Hüseynova bildirmişdir. Ayaz Hüseynov İddiaçı təklifinə əsasən 2021-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində pensiya düzəltmək istəyən şəxslərin şəxsiyyət vəsiqələrini, xəstəliklə bağlı sənədləri və pulları toplayıb cəmi 75.000 manat pulu ona vermiş, o da həmin pul və sənədləri həkim Elman Tarverdiyevə vermişdir. Elman Tarverdiyev ona demişdir ki, 2 ay ərzində pensiya məsələlərini həll edəcəkdir. Bundan sonra həkim Elman Tarverdiyev vəfat etmişdir. İddiaçı xəbəri eşidib onun yanına gəlmiş, xəstəlik tarixçəsi düzəltmək üçün Ayaz Hüseynov vasitəsi ilə Elman həkimə pul verdiyini bildirmişdir. Bundan bir müddət sonra o, Ayaz Hüseynovla təkrarən yanına gəlmiş və xahiş etmişlər ki, sənəd düzəltməyə onlara köməklik etsin ki, onlar da camaatın pullarını bu yolla hissə-hissə onlara qaytara bilsinlər. O, ikinci qrup onkoloji xəstə olduğundan, müalicə üçün pula ehtiyacı olmuş, Ayaz Hüseynovla razılaşmış, Ayaz Hüseynov əvvəlcə ona 3.000 manat, sonra isə 2.000 manat pul göndərmişdir. Sonradan ona bildirmişlər ki, həmin pulun 2.000 manatı Fatma adlı qadınındır və sonuncu pulunu istəyir. O da həmin puldan 2.000 manatı Fatmaya göndərmişdir. X8 Ağdam rayon məhkəməsinə müraciət etməklə, ondan 3.000 manat, İddiaçı isə 65.700 manat pul tələb etmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1878/2023 saylı qətnaməsi ilə ondan 3.000 manat, İddiaçı isə 65.700 manat pulun tutularaq Ayaz Hüseynova ödənilməsi qət edilmişdir. Göründüyü kimi, idiaçı qeyd edilən pul vəsaitlərini pensiya düzəltmək adı ilə həkim Elman Tarverdiyevə çatdırmaq üçün qohumu Ayaz Hüseynovdan alaraq mənimsəmişdir. Ayaz Hüseynov məhkəməyə müraciət edərək iddiaçıya verdiyi pulları tələb etmiş, məhkəmə də bununla bağlı Ayaz Hüseynovun xeyrinə qətnamə qəbul etmişdir. Qeyd edilən istintaq orqanının qərarı və məhkəmənin qətnaməsi onu təsdiq edir ki, onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbində qeyd edilənlər tamamilə yalandır, həqiqəti əks etdirmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, Cavabdeh və onun nümayəndəsi Vəkil izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağdam rayon Məhkəməsinin 28 iyul 2023cü il tarixli 2(013)-1878/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər İddiaçı və Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 65.700 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 287 manat 10 qəpik hissəsinin; Cavabdeh isə 3.000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ağdam rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli 2(013)-1878/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Yuxarıda qeyd olunan məhkəmə aktında cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlara, həmin materialların araşdırılması zamanı alınmış izahatlara və s. istinad olunmaqla müəyyən edilmişdir ki, X5 5.000 manat pul vəsaitini Cavabdeh, 70.000 manat pul vəsaitini isə İddiaçı vermiş, Cavabdeh 2.000 manat pul vəsaitini, İddiaçı isə 4.300 manat pul vəsaitini X2 qaytarmışdır. Həmin iş üzrə İddiaçı 75.000 manat pul vəsaitini Cavabdeh verdiyi müəyyən edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən iddiaçının cavabdehə 75.000 manat pul vəsaiti verməsi müəyyən olunmur və həmin sənədlər artıq öncələr baxılmış mübahisə üzrə mülki işə əlavə edilərək, hüquqi qiymət verilmişdir. İddiaçı 75.000 manat pul vəsaitini cavabdehə verməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazısı ilə əlaqədar qeyd edilməlidir ki, həmin səs yazısı məhkəmə iclasında diqqətlə dinlənilmişdir. Həmin səs yazısında qeyd olunanlar (hazırki mülki işdə tərəf olmayan şəxslə cavabhdeh arasında yer almış danışıq) hazırki mülki işlə əlaqədar olmayıb, Ağdam rayon Məhkəməsində baxılan işin xüsusatları ilə bağlıdır. Həmin səs yazısında cavabdehin iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyindən söhbət getmir, hazırki mülki iş üzrə əhəmiyyət kəsb etmir və sübut növü kimi çıxış etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar