Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2726/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 8.300 manat maddi ziyanın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehlə əvvəl tanışlıqları olmamışdır. Cavabdeh bacısı Həqiqətin vasitəsi ilə tanımışdır. Elxan onlara özünü Şəmkir rayonunda yerləşən daşınmaz əmlakda işləyən şəxs kimi tanıtmışdır. 2021-ci ilin dekabr ayında Elxanla tanış olan zaman sonuncu ona pensiya və iş düzəldə biləcəyini demişdir. O da, X1 ruhi-əsəb xəstəliyi olduğu üçün pensiya düzəltmək qərarına gəlmişdir. Elxanla danışıb özündə olan 3.100 manat pulu Şəmkir rayonu 20 Yanvar küçəsində 2021-ci ilin dekabr ayında Elxana vermişdir. Elxan isə ona 2022-ci ilin yanvar ayının sonlarına qədər pensiyanı düzəldəcəyini demişdir. Bundan 2-3 gün sonra Elxan ona zəng edərək qızı X2 da xəstə uşağa baxdığı üçün pensiya düşdüyünü, 3.100 manat qarşılığında 2022-ci ilin yanvar ayının sonlarına kimi qızı Həvaya da pensiya düzəldə biləcəyini demişdir. O, Elxanla danışdığı gün borc pul almış, Elxanla əlaqə saxlamış, Şəmkir rayonu Heydər Əliyev prospektinə bacısı Həqiqətlə birlikdə Daşınmaz Əmlakın Reyestr Xidmətinin Şəmkir rayonu 11 saylı Ərazi İdarəsinin yaxınlığında Elxana 3.100 manat pul vermişdir. Bundan bir müddət sonra 2022-ci ilin fevral ayında Elxan onunla əlaqə saxlayıb pensiya düzəltdiyi qızını işə də düzəldə biləcəyini demişdir. O da bundan bir neçə gün sonra Şəmkir rayonu 4-cü küçədə Elxanla əlaqə saxlayıb bacısı Həqiqətlə birlikdə Elxanla görüşmüş, Elxana 1.400 manat pul vermişdir. Elxan yenə də onları aldadaraq pensiyanın düzəldiyini, bir müddət sonra verdiyi 1.400 manat pulun qarşılığında qızı Həvanı Bakı şəhərində aeroporta işə düzəldəcəyini demişdir. Sonuncu dəfə yenə də, 2022-ci ilin fevral ayında Elxan onunla əlaqə saxlamış və yaşadığı evə gəlmişdir. Elxan ona 700 manat pul qarşılığında Həvanın uşaqlarına uşaq pulu düzəldə biləcəyini demişdir. Bundan bir neçə gün sonra o, Elxanla əlaqə saxlayıb Şəmkir şəhəri Nizami küçəsində Elxana ümumilikdə 700 manat pul vermişdir. Sonradan o, dəfələrlə Elxanla əlaqə saxlayıb işlərinin nəticəsi barədə maraqlansa da, Elxan hər dəfə onu aldadaraq müxtəlif bəhanələr gətirmişdir. Nəticədə Cavabdeh onu aldadaraq, nəvəsinə pensiya düzəltməsi üçün 3.100 manat, qızına pensiya düzəltməsi üçün 3.100 manat, qızını işə düzəltməsi üçün 1.400 manat və qızının uşaqlarına uşaq pulu düzəltməsi üçün 700 manat pul almışdır. Cavabdeh onun etibarından sui-istifadə edib, onu aldadaraq ümumilikdə 8.300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh əməlləri barədə Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məlum olmuşdur ki, Cavabdeh ondan başqa digər şəxsləri də aldatmışdır. Şəmkir RPŞ İB-də Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra cavabdeh barəsində olan cinayət işinin istintaqı yekunlaşaraq, məhkəməyə verilmişdir. Şəmkir rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü ilə Cavabdeh tərəfindən həqiqətən ona 8.300 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh ona vurduğu ziyandan hazırki vaxta kimi heç bir ödəniş etməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsi ilə məhkəməyə izahat göndərərək qeyd etmişdir ki, iddiaçıya vurulmuş ziyanın yarısını ödəmişdir, yarısını da cəza çəkmə müddəti başa çatandan sonra ödəyəcək. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin CÇM-dən göndərdiyi yazılı izahatı, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-190/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya törətdiyi cinayət əməli nəticəsində 8.300 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 8.300 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən, 8.300 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəməyə göndərdiyi izahatda iddiaçıya vurduğu zərərin yarısını ödədiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübut təqdim etməlidir. Cavabdeh tərəfindən isə izahatında qeyd etdiklərinə (vurduğu ziyanın yarısını ödəməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8.300 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 105 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8.300 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 105 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2726/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2726/2023
16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver