Məhkəmə qərarları › İş №2(002)-2807/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2807/2021

27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2807/2021 27.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş 08 noyabr 2011-ci il təvəllüdlü övladları X1 üçün cavabdehin aylıq qazancından sabit pul məbləğində 170 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 dekabr 2010-cu ildə evlənib ailə qurmuşdular. Birgə nikahdan 08 noyabr 2011-ci il təvəllüdlü övladları X3 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonralar birgə ailə həyatı dözülməz həddə çatmış, yəni cavabdehin ailə üzvləri ilə birgə yaşamaq mümkün olmamış və onlar onu hamilə vəzyyətdə evdən qovmuşlar. 2012-ci ilin dekabrndan onlar faktiki ayrılmış, daha sonra nikahları rəsmi qaydada məhkəmə yolu ilə pozulmuş və məhkəmənin 20 fevral 2012-ci il tarixli qətnaməsi ilə yeganə övladı 08 noyabr 2011-ci il təvəllüdlü övladları X2 onunla qalmaqla saxlanması üçün ayda 50 manat sabit pul məbləğində aliment kəsilməsi qət edilmişdir. Həmin miqdarda alimentlə təkbaşına uşağı saxlamaq mümkün olmadığına görə 31 oktyabr 2012-ci ildə alimentin artırılması barədə Salyan rayon məhkəməsinə təkrar müraciətindən sonra məhkəmənin həmin tarixli qətnaməsi ilə alimentin miqdarı cəmi 15 manat artırılaraq 18 sentyabr 2012-ci il tarixdən 65 manat müəyyən olundu. Cavabdeh hal-hazırda həmin məbləğdə aliment ödəyir.Həmin vaxtda artıq 10 il yaxın vaxt ötüb, birgə nikahdan olan uşaqları artıq məktəblidir və qayğıları günbəgün çoxalır. Onun isə 65 manat məbləğində alimentlə təkbaşına uşağı saxlamaq imkanı yoxdur.Həmçinin, 2020 yanvarın 1-dən bir uşağın saxlanması üçün dövlət tərəfindən minimal sabit pul məbləği ayda 175 manat müəyyən edilmişdir. Ona görə birgə nikahdan doğulan 08 noyabr 2011-ci il təvəllüdlü övladları X1 üçün alimentin məbləği dövlət tərəfindən müəyyən edilmiş məbləğdə müəyyən edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qismən qəbul etdiyini bildirərək, yalnız 100 manat ödəyə biləcəyini demişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş icra vərəqəsinin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli 2(057)-603 /2012 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Salyan rayon məhkəməsinin 20 fevral 2012-ci il tarixli 2(057)-171/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 08 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 noyabr 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 65 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 811680 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin 08 noyabr 2011-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin bir övladlarının olması, uşağın iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını, uşağın əsaslı mənafeyini, uşağı saxlamanın hər iki valideynin borcu olmasının, nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşağa görə 170 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (65 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 08 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2012-cİ il tarixli 2(057)-603/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170 manat sabit pul miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2012-cİ il tarixli 2(057)-603/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə 08 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 170(yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar