Məhkəmə qərarları › İş №2(002)-2821/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2821/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2821/2021 22.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 104.LN.1675.310519.00001 saylı, 31 may 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi, cəmi 14562,31 manat - bundan 14331,99 manat əsas, 230,32 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 31 may 2019-cu il tarixli, 104.LN.1675.310519.00001 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh illik 01 faizlə 60 ay müddətinə 14399,18 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, Cavabdeh müəyyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********864 saylı, 05.04.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 02.04.2021-ci ilin tarixinə banka ödənilməmiş 14331,99 manat əsas borcu, müqavilə müddəti üçün 230,32 manat faiz borcu olmaqla, cəmi 14562,31 manat borcu vardır. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, bir müddət işləmədiyinə görə və pandemiya səbəbindən borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda tələb olunan məbləği maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, bankla əldə etdiyi razılığa əsasən icra mərhələsində hissə-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 104.LN.1675.310519.00001 saylı, 31 may 2019-cu il tarixli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 14399,18 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02.04.2021-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 14331,99 manat məbləğində əsas borc, 230,32 manat məbləğində faiz borcu olmaqla, cəmi 14562,31 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcu məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də müqavilənin ləğvi, əsas və faiz borcunun tutulması ilə bağlı iddia tələbləri tam əsaslıdır. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 104.LN.1675.310519.00001 saylı, 31 may 2019-cu il kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin, həmin müqavilə üzrə Cavabdeh 14331,99 manat əsas borc, 230,32 manat faiz borcu olmaqla, cəmi 14562,31 manat (on dörd min beş yüz altmış iki manat otuz bir qəpik) məbləğində borc pul vəsaiti, 30 (otuz) manat dövlət rüsumu və və 0,40 manat bank xidməti haqqı tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar