Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2875/2021 30.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı ASC-nin cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı və Cavabdeh2 na qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı və Cavabdeh2 iddiaçı"xxxx" ASC-nin xeyrinə 5981,69 manat məbləğində əsas borcun, 2,21 manat məbləğində faiz borcunun, cəmi 5983,9 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24.10.2019-cu il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 1% olmaqla 6186.98 manat məbləğində kredit vermişdir.Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh X2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi məhkəmənin ünvanına ərizə göndərərək , məhkəmə iclasıni onun iştirakı olmadan kecirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair bağlanmış 24.10.2019-cu il tarixli FR/99242/71 saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh1 60 ay müddətinə, illik 1% olmaqla 6168,98 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 24.10.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 24.10.2019-cu il tarixli kredit müqaviləsinə görə İddiaçı ASC qarşısında birgə məsuliyyət daşımağa razıdır. Kreditin qaytarılması ilə bağlı Cavabdeh1 qızının bütün öhdəliklərini icra etmək məsuliyətini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 19.08.2021-ci il tarixli maliyyə arayışının sürətindən görünür ki,Cavabdeh1 24.10.2019-cu il tarixli müqavilə üzrə İddiaçı ASC-yə əsas borca görə 5981,69 manat məbləğində əsas borcu, 2,21 manat məbləğində faiz borcu, cəmi 5983,9 manat borcun məbləğində borcu var İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 24.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə 1 saylı əlavədən-ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızının 60 ay müddətinə ilk 12 ay(1 il) güzəştli olmaq şərti ilə qalan digər 48 ayda (4 il) hər ay 131,54 manat(sonuncu ay 131,63 olmaqla) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 24.10.2019-cu il tarixli MXD-FR99242A71C-1 məxaric orderindən görünür ki, Bank of Baku” ASC cavabdeh Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızının hesabına 24.10.2019-cu il tarixdə 6186,98 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə,İddiaçı ASC cavabdeh Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı ilə bağlanmış 24.10.2019-cu il tarixli FR/99242/71 kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24.10.2019 -cu il tarixli zaminlik müqaviləsi ilə Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızının 24.10.2019-cu il tarixli FR/99242/71 saylı kredit müqaviləsinə görə İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 24.10.2019cu il tarixli FR/99242/71 saylı müqavilə üzrə güzəştli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 1 il güzəşt olunmaqla, 5 il müddətinə illik 1% dərəcədə ilə 6186,98 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı bank qarşısında restrukturizasiya olunan qalıq borcunun ümumi məbləği 5981,69 manat məbləğində əsas borcun, 2,21 manat məbləğində faiz borcunun, cəmi 5983,9 manat borcu təşkil edir. Məhkəmə qeyd olunan halları əsas götürərək, restrukturizasiya olunan məbləğə dair güzəştli kredit müqaviləsinin şərtlərini nəzərə alaraq, həmin müqavilə üzrə həm əsas, həm də faiz borcunun hər birini ayrıayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməldir. Həmçinin, məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı ilə "Bank of Baku” arasında bağlanmış 24.10.2019-cu il tarixli FR/99242/71 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı və Cavabdeh2 müştərək qaydada 24.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 5981,69 manat məbləğində əsas borcun, 2,21 manat məbləğində faiz borcunun, cəmi 5983,9 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Bank of Baku ASC”-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızı ilə "Bank of Baku” arasında bağlanmış 24.10.2019-cu il tarixli FR/99242/71 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Hacıəliyeva (Yunusova) Əsmər Zakir qızından və Cavabdeh2 müştərək qaydada 24.10.2019-cu il tarixli güzəştli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 5981(beş min doqquz yüz səksən bir) manat,69(altmış doqquz) qəpik məbləğində əsas borcu, 2(iki) manat 21(iyirmi bir) qəpik məbləğində faiz borcu, cəmi 5983(beş min doqquz yüz səksən üç) manat,90(doxsan) qəpik borcu və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Bank of Baku ASC”-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2875/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2875/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver