Məhkəmə qərarları › İş №2(002)-288/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-288/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-288/2021 10.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərov Rəhman Zakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh 6118.68 (altı min bir yüz on səkkiz manat 68 qəpik) manat əsas, 73.60 (yetmiş üç manat 60 qəpik) manat faiz borcu olmaqla, cəmi 6192.28 (altı min bir yüz doxsan iki manat 28 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması FonduASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 104.LN.1675.310519.00002 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1 % ödənilmək şərtilə 6119.23 (altı min bir yüz on doqquz manat, 23 qəpik) manat məbləğdə kredit vəsaiti kredit və kredit xətti ödənilməsi məqsədilə ayrılmışdır. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 6118.68 (altı min bir yüz on səkkiz manat 68 qəğik) manat əsas, 73.60 (yetmiş üç manat 60 qəpik) manat faiz borcu olmaqla, cəmi 6192.28 (altı min bir yüz doxsan iki manat 28 qəpik) manat borcu mövcuddur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli, 104.LN.1675.310519.00002 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 6119.23 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2019-cu il tarixli, 104.LN.1675.310519.00002 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx xxx 2019-cu il tarixli, 104.LN.1675.310519.00002 saylı kredit müqaviləsi üzrə aylıq 127,48 manat ödəməklə, əsas məbləğ 6119.23 manat, 186.16 manat faiz borcuna görə olmaqla, cəmi 6305,39 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh 6119.23 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ASC-nin maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan 6118.68 manat əsas borc, 73.60 manat faiz borcu, cəmi borcu 6192.28 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinəuyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx xxx 2019-cu il tarixli, 104.LN.1675.310519.00002 saylı saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 60 (iyirmi dörd) ay müddətinə illik 1% dərəcəsini tətbiq etməklə 6119.23 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə bank qarşısında borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 6118.68 (altı min bir yüz on səkkiz manat 68 qəpik) manat əsas, 73.60 (yetmiş üç manat 60 qəpik) manat faiz borcu olmaqla, cəmi 6192.28 (altı min bir yüz doxsan iki manat 28 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 6118.68 (altı min bir yüz on səkkiz manat 68 qəpik) manat əsas, 73.60 (yetmiş üç manat 60 qəpik) manat faiz borcu olmaqla, cəmi 6192.28 (altı min bir yüz doxsan iki manat 28 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar