Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-289/2025 11.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli lombardda girov müqavilələrinə əsasən İddiaçı müvafiq olaraq 550 manat, 650 manat, 200 manat, 160 manat pul vəsaiti verilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin məhkəmənin sorğusuna əsasən İddiaçı 19-cu PŞ-nə ünvanladığı müraciəti məhkəməyə göndərilmişdir. Cavabdeh 19-cu PŞ-də olan izahatında yaxın münasibətdə olduğu İddiaçı ilə aralarında yaranmış yaxın münasibətdə olduğu müddətdə iddiaçıdan ümumilikdə 1250 manat borca pul götürdüyünü, həmin məbləği də yaxın müddət ərzində hissə-hissə verəcəyini bildirmişdir. İddia tələbi
3. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat pul vəsaitinin və 54 manat dövlət rüsumunun olmaqla cəmi 3454 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Aralarında etibarlılıq və səmimiyyət var idi. Hətta onunla ailə həyatı quracağına inandıraraq etibarını qazanmışdır. Ondan müəyyən vaxtlarda qızıllarını lombarda girov qoymaqla ona borc pul verməyini girov qoyulmuş qızılların ödənişini özü həyata keçirib tezliklə lombard yükündən azad edəcəyi vədini verərək onu özünə inandırmışdır. Lombarddan 1560 (bir min beş yüz altmış) manata qədər qızılı yüklü edib ona borc pul verib (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024). Pulu vaxtında ödəmədiyinə görə müxtəlif vaxtlarda ondan ümumilikdə 3400 (üç min dörd yüz) manat borc pul almışdır. Ondan borc almasına müxtəlif bəhanələr gətirmişdir. Hər dəfəsində borcunu qaytaracağını, hər şeyin yaxşı olacağını, birlikdə yaşayacağını bildirsə də onu aldatmış və ona maddi ziyan vurmuşdur. Dəfələrlə borcu tələb etsə də bir nəticə əldə edə bilməmişdir. Yaranmış vəziyyətlə bağlı Bakı şəhər Nəsimi rayon Pİ-nin 19-cu PB-nə də şikayət etmişdir. Şikayəti əsasında vurulmuş 3400 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə (xx.xx.2024-cü il tarixli məktub) müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh "xxxx" ASC-dən götürdüyü 3000 manat məbləğində borcu o özü ödəyib. Ondan aldığı 400 manat borcu qaytarmayıb. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlib.
5. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740-cı, Mülki Prosessual Məcəlləsinin 35.1, 78.2-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbini müdafiə edir, cavabdehə görə müxtəlif vaxtlarda lombarda qızıllarını qoyub, pul alaraq həmin pulu cavabdehə verib. Cavabdeh də həmin borcundan ödəniş etməyib. Ona müxtəlif vaxtlarda 400 manat əlbəəl pul verib, onun istəyi ilə Elvira adlı xanımın kartına 300 manat pul göndərib və müxtəlif vaxt aralıqlarında 164.22 manat pulu (20.40+30.60+10.20+10.20+5.10+25.50+5.10+10.20+5.10+10.20+5.10+10.20+4.08+7.14+5. 10) cavabdehin kartına göndərib. Lombardda yaranan qalıq 1000 manat faiz məbləğini cavabdehdən tələb etmir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim edərək iddianı qismən etiraf etmiş və bildirmişdir ki, girov müqavilələri üzrə iddiaçının götürdüyü 550, 650, 200, 160 manat məbləğində pulu Mehin götürüb ona borc vermişdir, həmin pulları Mehinə hələ də qaytarmamışdər. Bundan başqa 400 manat pulu iddiaçıdan birc olaraq alıb qaytarmayıb. Bundan əlavə, Mehindən 300 manat pulu tanışı Elvira Hümbətovaya məxsus karta göndərməsini və onun da borc olaraq istədiyini bildirmişdir. İşə əlavə olunmuş müxtəlif bank kartlarına, cəmi 164.22 manat məbləğində pulu da iddiaçıdan müxtəlif vaxtlarda borc istəyib və qaytarmayıb. Həmin məbləğlərin hər biri ona aid olmaqla ödəməyi qəbul edir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
12. İddia qismən əsaslıdır.
13. İşin mübahisəsiz halları bundan ibarətdir ki, tərəflər arasında müxtəlif vaxtlarda şifahi borc müqavilələri bağlanmışdır, həmin müqavilə etibarlıdır. Belə ki, iddiaçı müxtəlif tarixli (xx.xx.2023; xx.xx.2023; xx.xx.2024; xx.xx.2024-cü il tarixli) lombardda girov müqavilələri ilə əldə etdiyi 550 manat, 650 manat, 200 manat, 160 manat; bundan əlavə, 400 manat məbləğində pul vəsaitini cavabdehə borc olaraq vermişdir. Bundan başqa, cavabdeh iddiaçıdan tanışına vermək məqsədilə 300 manat pul borc almış, eyni zamanda, müxtəlif vaxtlarda müxtəlif bank kartlarına borc pul (cəmi 164,22 manat) göndərməsini iddiaçıdan xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək yuxarıda qeyd edilən borc məbləğlərini (cəmi 2424,22 manat) etiraf etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
16. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.
17. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
18. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən qəbul edilməli və iddia etiraf həddində (cəmi 2424.22 manat) qismən təmin edilməlidir.
19. İddia tələbinin qalan hissəsi (975,78 manat) ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləğin lombardda girov müqavilələri üzrə yaranmış faiz borcu olmasını bildirsə də, məhkəmə qeyd edir ki, buna dair həm sübutlar təqdim etməmiş, həm də, cavabdeh lombardda girov müqavilələrinin tərəfi olmadığı üçün həmin müqavilələrə dair yaranmış faiz borcu üzrə öhdəlik daşımır. Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq 44,24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
22. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 2424.22 manat məbləğində pul vəsaiti və ödənilmiş 44.24 manat məbləğində dövlət rüsumuna görə çəkilmiş xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
23. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 2424.22 manat məbləğində pul vəsaiti və ödənilmiş 44.24 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova