Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2896/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(002)-795/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa görə hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya prosesində ödənilmiş 50 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(002)-795/2019 sayl qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşağa görə hər ay 160 manat ümumilikdə 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmiş, uşağın tələbatı artmışdır. Belə ki, halhazırda uşaqlar böyüməkdədir, paralel olaraq xərcləri də artmaqdadır. Hazırda bir uşağın yaşayış munimumu 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə müəyyən gəlirə malikdir, lakin uşağına əlavə olaraq maddi cəhətdən yardım etmir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçı öncəki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verib, onun təmin efdilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 795/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cu il tarixli, 2(002)- 10416/2016 saylı qətaməsi ilə tutulan alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01598 nömrəli “İlkin medeiasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosedsində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər birgə nikahda olmaları, onların bu nikahdan iki övladının olması, tərəflərin ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsinə əsasən ayrılmaları və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisəlndirilməsinə və dsübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, cavabdehin hazırda ödədiyi aliment günbəgün böyüyən və tələbatları daim artan uşaqların məqbul səviyyədə saxlanılması üçün kifayət deyildir. Uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Beləliklə, məhkəmə hesab edir ki, Respublikada qəbul olunmuş minimum əmək haqqı və sosial təminatlarla bağlı digər meyyarlar nəzərə alınmaqla, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-798/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək(artırılaraq), həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 200 manat, iki uşağa görə 400 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehə aid edilərək ondan iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddaçı cavabdehin daha artıq gəlirə malik olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, alimentlə bağlı iddianın təmin edilmiş hissəsinə münasib olaraq 68 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılması) ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-798/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 200 manat, iki uşağa görə 400 manat sabit pul məbləğində aliment və ödənilmiş 50 manat məbləğində mediasiya xərci tutulsun. Alimentin tutulmasının əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması aparılsın. İş üzrə ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh alınaraq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2896/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2896/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver