Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2905/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsinin ləğv eedilməsi və borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Eyvazzadə İmsayıl İbrahim oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, X1 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 3623.4 manat məbləğində kredit borcu, 717.85 manat məbləğində faiz borcu və 1253.3 manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 5594 (beş min beş yüz doxsan dörd) manat 55 (əlli beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 14.10.2019-cu il tarixli 061A********** saylı kredit xətti müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36(otuz altı) ay müddətinə 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Eyvazzadə İmsayıl İbrahim oğlu kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Eyvazzadə İmsayıl İbrahim oğlu götürdüyü kredit borcundan 1076.6 manat ödəniş etmiş, onun 3623.4 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Eyvazzadə İmsayıl İbrahim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.08.2021-ci il tarixə 344 gün üçün hesablanmış faiz borcu 717.85 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 24.08.2021-ci il tarixə 344 gün üçün hesablanmış cərimə 1253.3 manat təşkil edir. Kredit xətti müqaviləsinin 4.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Eyvazzadə İmsayıl İbrahim oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Eyvazzadə İmsayıl İbrahim oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin həmin hallar nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Məhsin qızı məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, öz izahatında əsas borclunun onun həyat yoldaşı olduğunu, işi ilə əlaqədar iclasa gələ bilmədiyini, əsas və faiz borcunu qəbul etdiyini ,amma o borcu birdən-birə ödəməyə imkanının olmadığını bildirmişdir. Ödənişi ödəmək üçün borcun bölünməyini xahiş etdi. Cavabdehlər Eyvazzadə İmsayıl İbrahim oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14.10.2019-cu il tarixli 061A********** saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2, 36 ay müddətinə 4700 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş planına əsasən Eyvazzadə İmsayıl İbrahim oğlunun 14.10.2019-cu il tarixli 061A********** saylı kredit razılaşması üzrə aylıq ödənilməli məbləğ cəmi 6763.28 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kreditin verilməsi-köçürmədən görünür ki, Cavabdeh2 İbrahim oğluna komissiya çıxılmaq şərti il 4660 manat pul verilmişdir. İş materiallarına əlavə olunmuş 14.10.2019-cu il tarixli №061G**********01 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh1 , borclu Cavabdeh2 ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2, 24.09.2014-cü il tarixli №061G**********01 saylı zaminlik müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşıyan Cavabdeh1 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh2 061A********** saylı 14.10.2019-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 3623.4 manat, faiz üzrə 717.85 manat, cərimə borcu 1253.3 manat, cəmi 5594.55 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Eyvazzadə İmsayıl İbrahim oğlu arasında bank arasında bağlanmış 14.10.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 4700 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı bank 4700 manat məbləğində pul vəsaitini cavabdehə verir, cavabdeh isə həmin pul məbləğini ödəniş cədvəlinə uyğun olaraq krediti və faizi banka qaytarmağı öhədisnə götürür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Bununla da borc alan Cavabdeh2 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı bank qarşısında olan borcunun əsas və faiz borca aid olan hisəsində tam qəbul etmiş, cərimə borcunu qəbul etməmiş, buna dair yazılı ərizə təqdim etmişdir. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehlərin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırki mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 14.10.2019-cu il tarixli 061A********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış 14.10.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv olunmalı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 3623.4 manat əsas borc, 717.85 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 4351,25 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arsında bağlanılmış 14.10.2019-cu il tarixli 061A********** saylı kredit müqaviləsi ləğv olunsun. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 3623.4 manat əsas borc, 717.85 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 4351,25 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2905/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2905/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver