Məhkəmə qərarları › İş №2(002)-295/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-295/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-295/2021 14.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi -nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi Cavabdeh ilə 01.01.2016-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlamış və müqaviləyə əsasən Bakı-Ələt yolunun 65-ci kilometrliyində yerləşən Ələ-Daşgil ovçuluq-balıqçılıq təsərüfatınm ərazisindəki torpaq sahəsi 01.01.2019-ci il tarixədək icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı hər il üçün ƏDV daxil olmaqla 200 (iki yüz) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə görə icarə haqqı hər ilin birinci rübündə nəqd yolla ödənilir.Müqavilənin 6.1-ci bəndinə görə icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflər müqaviləyə onun başa çatması ilə əlaqədar xitam verilməsi barədə yazılı bildiriş vermədiyi halda müqavilənin müddəti eyni şərtlərlə növbəti bir il müddətinə uzadümış hesab edilir. İcarəyəgötürən olaraq Cavabdeh 2018-ci il üçün icarə haqqını ödəməmiş və onun Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə 2018-ci il üçün 1 illik 200 manat icarə haqqı ilə bağlı borcu yaranıb. İcarə müqaviləsinə əsasən icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitmişdi. Lakin, tərəflər müqaviləyə xitam verilməsi üçün bildiriş verməmişdir. Odur ki, icra münasibətləri eyni şərtlərlə uzadılmış hesab edilir. Cavabdeh də 01.01.2019-cu il tarixdən hal-hazıradək torpaq sahəsindən istifadə edərək icarə münasibətlərini faktiki olaraq davam edir. Odur ki, 01.01.2019 -cu il tarixdən icarə münasibətlərini faktiki olaraq davam etdirdiyinə və icarədə olan torpağı təhvil vermədiyinə görə cavabdeh 2019 və 2020-ci illərlə bağlı 2 illik müddət üçün 400 manat icarə haqqını da ödəməlidir. Cavabdehin Birliyə ümumilikdə 600 manat borcu yaranıb. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında 01.01.20216-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Bakı-Ələt yolunun 65-ci kilometrliyində yerləşən Ələt-Daşgil ovçuluq-balıqçılıq təsərüfatınm ərazisindəki torpaq sahəsi 01.01.2019-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı hər il üçün ƏDV daxil olmaqla 200 (iki yüz) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə görə icarə haqqı hər ilin birinci rübündə nəqd yolla ödənilir.Müqavilənin 6.1-ci bəndinə görə icarə müddəti 01 yanvar 2019-cu il tarixdə bitir. Müqavilənin 6.2-ci bəndinə görə tərəflər müqaviləyə onun başa çatması ilə əlaqədar xitam verilməsi barədə yazılı bildiriş vermədiyi halda müqavilənin müddəti eyni şərtlərlə növbəti bir il müddətinə uzadılmış hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 217499 seriyalı kasa məxaric orderindən də görünür ki, 31.05.2017-ci il tarixdə Cavabdeh tərəfindən Ələt-Daşgil ovçuluqbalıqçılıq təsərüfatının ərazisindəki torpaq sahəsinə görə 200 manat icra haqqını ödəmişdir. . İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4188/2021 saylı 11.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh “Azərovçu” İctimai Birliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia tələbi üzrə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(004)-945/2021 saylı qətnaməsi qüvvədə saxlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakını Dövlət Reyestri xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində 25 ha torpaq sahəsi Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinın mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsaəsn icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-ci icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatı, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasından 01.01.2016-ci il tarixdə 3 il müddətinə icarə müqaviləsi bağlanmış və tərəflər öz aralarında icarə haqqının illik 200 manat məbləğində olması barədə razılaşmışdılar. İşin materiallarına əlavə edilmiş qəbzdən də görünür ki, cavabdeh tərəfindən 2017-ci ilin birinci rübündə icarədara–iddiaçıya 200 manat məbləğində ödəniş ediilmişdir.Tərəflər arasında müqavilənin müddəti 2019-cu il də bitməsinə baxmayaraq, tərəflər müqaviləyə xitam verilməsi barədə bildirış vermədiyindən müqaviləyə əsasən icra münasibətləri eyni şərtlərlə bir il müddətinə uzadılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin izahatına əsasən cavabdeh hal-hazırda da həmin torpaq sahəsindən istifadə edir. Beləliklə, iddiaçı cavabdehdən 3 illik(2018,2019 və 2020-ci illər üzrə) icarə haqqını-600 manat məbləğində pul tələbi əsaslıdır və təmin edilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01.01.2016-ci il tarixli icarə müqavilə üzrə 600(altı yüz) manat icarə haqqı və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinə ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01.01.2016-ci il tarixli icarə müqavilə üzrə 600 (altı yüz) manat icarə haqqı və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar