Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2975/2022 12.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi (pul)» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi (pul)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.800 manat pul (maddi ziyan) və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla, cəmi 3.859 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, heyvandarlıqla məşğul olur. Cavabdeh2 isə qəssablıqla məşğul olur. Cavabdeh2 onun qonşusu Cavabdeh1 ilə birlikdə gələrək ondan iribuynuzlu heyvanların onlara satılmasını istəmişlər. Cavabdehlər 2021-ci ilin dekabr ayında 14 baş iri buynuzlu heyvan lazım olduğunu bildirmişlər. O da, 4 nəfərdən 9.200 manat dəyərində 14 baş iri buynuzlu heyvan alıb cavabdehlərə vermişdir. Həmin vaxt cavabdehlər ona 5.400 manat vermiş, 3.800 manat pulu isə malı kəsib satandan sonra verəcəklərini bildirmişlər. O da cavabdehlərə inandığı üçün malı X2 idarə etdiyi maşına yükləyib təhvil vermişdir. Həmin vaxt onun yanında Qobustan qəsəbə sakinləri X5 və X4 da olmuşdur. Bundan sonra Asif və Bəhramdan xəbər çıxmamış və o, dəfələrlə pulunu istəsə də, bildirmişlər ki, mallar nisyədədir, pulu yığan kimi verəcəklər. Lakin indiyə kimi ona olan borclarını ödəmək istəmirlər. Həmin iri buynuzlu heyvanları cavabdehlərə deyil, başqa insanlara da sata bilərdi. İndiyə kimi cavabdehlər ona ödəməli olduqları 3.800 manat pulu ödəməməklə ona maddi ziyan vurmuşlar. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, Bəhramı çoxdan tanıyır. İki il bundan öncə Bəhram ondan 3.800 manat borc pul almışdır və qaytarmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Bəhram ona sonuncunun 14 baş inəyi olduğunu və 9.200 manata satdığını bildirmişdir. Aralarında razılaşmışlar ki, o, 14 baş inəyi alaraq, 5.400 manat pulu Bəhrama verəcək, yerdə qalan 3.800 manat pulu isə sonuncunun ona olan borcuna siləcək. Bəhram bununla razılaşmışdır. Razılaşdıqları kimi o, 14 baş inəyi almış, 5.400 manat pulu Bəhrama vermişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında bildirdi ki, onun Asifə ümumiyyətlə heç bir borcu yoxdur. Asif deyir ki, atasının ona borcu var. Bununla bağlı qeyd edir ki, atasının beyninə qan sızıb, yaddaşını itirib. Atasının hər hansı yazılı qeydi yoxdur ki, ona əsasən atasının Asifə borcunun olubolmadığını desin. 9.200 manat pul vəsaitinə gəldikdə isə, o, həmin məbləği Asifə tam şəkildə ödəmişdir. Bu səbəbdən, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, Cavabdeh2 izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, iri buynuzlu malların alğı-satqısında da, nəqliyyat vasitəsinə yüklənməsində də iştirak etmişdir. İri buynuzlu malları Asif aparmışdır. Asif inəklərin Anara məxsus olduğunu bildirmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı demişdir ki, inəkləri satmaq istəyir. O da, alğı-satqıda iştirak etmişdir. Asif demişdir ki, inəklər İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıdan kəsib satmaq üçün 14 baş iri buynuzlu heyvan almış, həmin malların dəyəri olan 9.200 manatın 5.400 manat hissəsini iddiaçıya ödəmiş, qalan 3.800 manat pulu isə malları kəsib satandan sonra verəcəklərini öhdələrinə götürmüş, lakin iddiaçıya olan borclarını vaxtında və tam şəkildə ödəməyərək, öhdəliyi icra etməmişlər. 2021-ci ilin dekabr ayında alınan iri buynuzlu heyvanların pulunun qalıq hissəsi keçən uzun müddət ərzində iddiaçıya qaytarılmadığından, iddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, borcun qaytarılmasını tələb etməsinə baxmayaraq, bu, heç bir müsbət nəticə vermədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iribuynuzlu malların dəyərinin qalıq hissəsi olan 3.800 manat və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla, cəmi 3.859 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İribuynuzlu malların dəyərinin qalıq hissəsi olan 3.800 manat və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla, cəmi 3.859 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2975/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2975/2022
12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver