Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2981/2025 03.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2un iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə və X1 Cavabdeh2 MMC-yə qarşı ("xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə və X1 Cavabdeh2 MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsi 23 saylı evə dair hərracın və bu hərrac nəticəsində əldə edilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" QSC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin ona və digər şəxslərə qarşı «kredit müqaviləsi üzrə pulun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(002)-1815/2021 saylı qətnamə qəbul edilmişdir. Qeyd etmək istəyir ki, həmin kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsi 23 saylı ev girov qoyulmuşdur. Həmin kredit müqaviləsi üzrə pul onun yaxın tanışı tərəfindən götürülmüşdür. Tanışı ona bu kredit müqaviləsi ilə əlaqədar heç bir probleminin olmayacağını və yalnız rəsmiyyət üçün onun evini girov qoyduğunu bildirmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, tanışı bank qarşısında öhdəliklərini yerinə yetirməmiş və buna görə də, bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu kreditin onlardan tutulmasını və tutmanın onun mülkiyyətində olan evə yönəldilməsini xahiş etmişdir. O, bununla əlaqədar X3 öz iradını bildirsə də, sonuncu ona narahat olmamasını və bu problemi tezliklə həll edəcəyini bildirmişdir. Lakin nəzərə çatdırır ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən ona icra işi ilə əlaqədar məktub ünvanlanmış və həmin məktubda onun mülkiyyətində olan evin 22.000 manat məbləğində qiymətləndirildiyi göstərilmiş və həmçinin onların bu mənzili tərk etmələri tələb olunmuşdur. Bundan sonra o, Natiqin sözünə inanmayaraq özü bu işlə maraqlanmağa başlamış və ona məlum olmuşdur ki, bu iş ilə əlaqədar əmlak hərracı mərkəzində hərrac keçirilmiş və evin dəyəri 22.000 manat məbləğində nəzərdə tutulmuşdur. Sonradan hərracda heç kim iştirak etmədiyi üçün hərrac baş tutmamış və ona görə də hərrac mərkəzi evi iddiaçı olan banka təklif etmişdir. Bank da həmin evi 14.025 manatın əvəzinə qəbul etməyə razılıq verdiyini bildirmişdir. Nəzərə çatdırır ki, həmin evin real bazar qiyməti 70.000-80.000 manat arasındadır. O, bir mülkiyyətçi kimi nə bu evin qiymətləndirilməsində, nə də hərracın keçirilməsində iştirak etməmişdir. Belə kı, o, nə Qaradağ rayon İcra Şöbəsi tərəfindən, nə də hərrac mərkəzi tərəfindən ona bu hərrac barədə məlumat verilməmiş və onun iştirakı və xəbəri olmadan mülkiyyətində olan mənzil dəyərindən beş qat aşağı qiymətə "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Hesab edir ki, həm bu evin qiymətləndirilməsi, həm də hərracın keçirilməsi qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Ona görə də, hesab edir ki, bu hərracın nəticələri ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin və X1 Cavabdeh2 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin və X1 Cavabdeh2 MMC-nin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1815/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər X4 və digərlərinə qarşı «borc tələbi, tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi, əmlakın boşaldılması, istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı "xxxx" QSC ilə X5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 004R********** saylı kredit razılaşmasının ləğv edilməsi; cavabdehlər X2 və İddiaçı müştərək qaydada 21.06.201-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 15.306,86 manat əsas borc, 3.928,45 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 19.335,31 manat pul vəsaiti, ödənilmiş 30,40 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınmasına görə ödənilmiş 40 manat dövlət rüsumu və xidmət haqqının tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi; cavabdehlərdən tutulmalı olan borcun ipoteka predmeti olan, cavabdeh İddiaçı məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda yerləşən, 55 m2 ümumi sahədən ibarət ipoteka predmetinə yönəldilməsi; həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi; əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı verilməsi; ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 22.000 manat müəyyən edilməsi; cavabdeh İddiaçı məxsus əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı və ailə üzvlərinin ən gec bir ay ərzində mənzili boşaldaraq, həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 22 noyabr 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Məhkəməyə təqdim olunmuş icra işinin materiallarında yer alan məktublardan görünür ki, X1 Cavabdeh2 MMC tərəfindən icra sənədi üzrə icra şöbəsinin, tələbkarın və borcluların adına hərracın (birinci və təkrar hərracların) keçirilməsinə dair bildirişlər tərtib olunsa da (hərracın vaxtı və yeri, ilkin satış qiyməti və s. barədə məlumatlar əks olunan), həmin bildirişlərin borclu İddiaçı rəsmi şəkildə təqdim edilməsini təsdiq edən heç bir sənəd (poçt göndərişi barədə İddiaçı tərəfindən imzalanmış xəbərnamə, yaxud müvafiq sənədi qəbul etməsini təsdiq edən digər sənəd) icra işinin materiallarında mövcud deyil. Hazırki mülki işə baxılarkən də iş üzrə cavabdeh X1 Cavabdeh2 MMC tərəfindən qeyd edilən sübut(lar) məhkəməyə təqdim olunmamışdır. İcra işinin materiallarında olan sənədlərdən göründüyü kimi, mahiyyət etibarı ilə hərraclar iddiaçının xəbəri və iştirakı olmadan keçirilmiş, hərracda alıcı olmadığından təkrar hərracın baş tutmaması barədə 13 yanvar 2022-ci il tarixli protokol tərtib olunmuş, X1 Cavabdeh2 MMC-nin direktoru tərəfindən ipoteka predmeti olan əmlak 18.700 manatdan 25 faiz az olmayan qiymətə əldə edilməsi təklifini özündə əks etdirən məktubla tələbkar "xxxx" QSC-yə müraciət olunmuşdur. 24 yanvar 2022-ci il tarixli, 09/22 saylı hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka predmeti olan əmlak 14.025 manat qiymətə "xxxx" QSC tərəfindən əldə edilmişdir. Təqdim olunmuş vəsiqələrdən görünür ki, iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 MMC tərəfindən keçirilən hərracların (ilkin hərrac xx.xx.2021-ci il, saat 11:00, təkrar hərrac xx.xx.2022-ci il, saat 11:00) vaxtı və yeri barədə İddiaçı məlumat verilməmiş, tərtib olunmuş bildirişlər iddiaçıya göndərilməmiş, rəsmi şəkildə ona təqdim olunmamışdır. Bununla da, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsi 23 saylı evə dair Cavabdeh2 MMC tərəfindən keçirilən hərracın nəticələri, 24 yanvar 2022-ci il tarixli 09/22 saylı hərracın yekunları barədə protokol, həmin protokola əsasən tərtib edilmiş digər sənədlər etibarsız hesab edilməli, "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, 100 manat dövlət rüsumu X1 Cavabdeh2 MMC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsi 23 saylı evə dair X1 Cavabdeh2 MMC tərəfindən keçirilən hərracın nəticələri, 24 yanvar 2022-ci il tarixli 09/22 saylı hərracın yekunları barədə protokol, həmin protokola əsasən tərtib edilmiş digər sənədlər etibarsız hesab edilsin və "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. 100 manat dövlət rüsumu X1 Cavabdeh2 MMC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2981/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2981/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver