Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2995/2024 05.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.200 manat borc, ödənilmiş 32 manat dövlət rüsumu və sənədlərə xərclənmiş 50 manat olmaqla, cəmi 1.282 manat pul vəsaitinin cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin soyadı və atasının adında yanlışlıqlara yol verilməsinin nəzərə alınmasını, 1.200 manat borc, ödənilmiş 32 manat dövlət rüsumu və sənədlərə xərclənmiş 50 manat olmaqla, cəmi 1.282 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Lökbatan qəsəbəsində balaca bir dükan işlədir. Dükanında demək olar ki, hər cür mal satır. Cavabdeh qəsəbə sakini kimi tanıyır. Vüsalə dükana gəlib-getmiş və bu səbəbdən tanış olmuşlar. Yaxşı münasibətləri yaranmışdır. O, Vüsaləyə dəfələrlə paltarlar və digər əşyalar vermişdir, Vüsalə də pulunu gətirib vermişdir. Beləliklə Vüsalə onun etibarını qazanmışdır. Lakin sonuncu dəfə 2022-ci ilin fevral-mart aylarında ondan dəyəri 2.200 manatlıq ev əşyaları, xalça, palaz, ədyal, qazanlar, özünə, ailəsinə və uşaqlarına paltarlar, saat götürmüşdür. Vüsalə borcundan 600 manat qaytarmış, o isə 400 manatlıq malı geri almışdır. Beləliklə, Vüsalənin 1.200 manatlıq borcu qalmışdır. İki ildir ki, Vüsaləgilə gedibgəlsə də, həm özü, həm də həyat yoldaşı Rəhman Babayev müxtəlif bəhanələr gətirərək pulun ödənilməsini yubadır, pulu bu gün, sabah ödəyəcəklərini bildirərək onu get-gələ salırlar. Borcun qalıq hissəsini bu günədək ödəməmişlər. O, xərçəng xəstəsidir. Özünə müalicə üçün böyük miqdarda pul lazımdır. Lakin cavabdeh pulu ödəmir, insafsızlıq göstərir, müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina edir. O, müvafiq sübutları məlumat daşıyıcısında məhkəməyə təqdim etmişdir. Öncələr bu barədə polis orqanlarına şikayət etsə də, ona məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X2 ifadəsində bildirdi ki, İddiaçı tanıyır. Tanışlıqları uzun müddət öncədən davam edir. Özündə olan malları satılması üçün Mahnura vermişdir. Mahnur həmin malları sataraq pulunu ona ödəyirdi. Cavabdeh tanımır. Cavabdeh malların pulunu gecikdirdiyi ərəfədə Mahnur ona zəng vurub bu barədə məlumat vermişdir, bildirmişdir ki, Vüsalə pulunu yubadır. Mahnur Vüsalənin nömrəsini ona vermişdir ki, ona inanmırsa, özü telefonla danışsın. Telefonda «Whatsapp» tətbiqində səs yazısında 1.210 manat borc olduğu qeyd edilir. Məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, iş üzrə tərəflər iddiaçının işlətdiyi dükanda tanış olmuşlar, aralarında münasibətlər yaranmış və cavabdeh iddiaçıdan müxtəlif malları alıb, pulunu sonradan ödəmişdir. Sonuncu dəfə 2022-ci ilin fevral-mart aylarında cavabdeh iddiaçıdan 2.200 manatlıq müxtəlif mallar almış, həmin malların bir hissəsinin pulunu – 600 manatı ödəmiş, 400 manatlıq malı isə geri qaytarmışdır. Beləliklə, cavabdehin iddiaçıya 1.200 manat borcu qalmışdır. Təqdim olunmuş səs yazısından göründüyü kimi, qalıq borcun 1.160 manat və eləcə də 50 manat (50 manat dəyərində ətir), cəmi 1.210 manat olduğu bildirilir. Məhkəmə tərəfindən həmin səs yazısı dinlənilmişdir. İddiaçının bildirdiyinə görə, ətir pulunun 10 manatını cavabdehə güzəştə gedərək, 1.160 manat + 40 manat olmaqla, cəmi 1.200 manat borcun ödənilməsini cavabdehdən xahiş etsə də, heç bir nəticə əldə olunmamışdır. Cavabdeh cəmi 1.200 manat pul vəsaitini (borcu) bu günədək İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qalıq borcu ödəməsini uzun müddət ərzində, dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, qalıq borc bu günədək ödənilməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 31.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.200 manat borc, 31.40 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sənədlərin toplanması (sənədlərin hazırlanması, hüquqi yardım almaq üçün vəkilə müraciət etməsi, müqavilə bağlaması, ödəniş etməsi və s.) üçün 50 manat pul vəsaiti sərf etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.200 manat borc, 31.40 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2995/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2995/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver