Məhkəmə qərarları › İş №2(002)-2999/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2999/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2999/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində borc pul vəsaitinin və 40 manat məbləğində dövlət rüsumunun, cəmi 2040 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh altı ildən artıqdır ki, tanıyır və onunla yaxın münasibətləri olmuşdur. Vüsalə əvvəllər də ondan uşağı xəstə olduğuna görə 500 manat borc götürmüş və vaxtında qaytarmışdır. 2022-ci ilin aprel ayının ortalarında cavabdeh ondan 2000 manat borc pul istəmiş, bir aya qaytaracağını demiş, o da cavabdehə inandığına görə Vüsaləyə 2000 manat borc pul vermişdir. Həmin pulu qızına verərək Vüsalənin götürəcəyini demiş, Vüsalə də pulu gəlib ondan götürmüşdür. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdeh həmin borc pulu qaytarmamışdır. Dəfələrlə həmin pulu Vüsalədən tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə pulu verməmişdir. Sonuncu dəfə əsassız olaraq guya onun cavabdehi vurduğuna görə polis idarəsinə şikayət ərizəsi vermiş və polis idarəsinə verdiyi izahatında ondan 2000 manat borc pul götürdüyünü özü etiraf etmişdir. İki ay ərzində onun kartından hər ay 98 manat olmaqla, cəmi 196 manat pul çıxarılmış, hazırda cavabdehin 1804 manat borcu qalmışdır. Cavabdeh pulu könüllü ödəmək istəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili X4 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçı onun anasıdır. Cavabdeh 2022-ci ilin aprel ayında anası ilə razılaşmış və anası ona bir aya qaytarmaq şərtilə 2000 manat borc verməyə razı olmuşdur. Borc pul verilən gün anası işdə olduğu üçün ona zəng vurmuş və Vüsaləyə onun pulundan 2000 manat götürüb borc verməsini tapşırmışdır. O da anasının dediyi kimi həmin məbləği Vüsaləyə vermişdir. Həmin hadisədən təxminən iki il yarım vaxt keçsə də, Vüsalə həmin pulu qaytarmamışdır, cəmi iki dəfə olmaqla hər dəfə 98 məbləğində kartdan pul götürülmüş, qalan məbləğ ödənilməmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Qaradağ rayon Polis İdarəsi 10-cu polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, izahatında İddiaçı 2000 manat borcu olduğunu, lakin İddiaçı onun qızının təqaüd kartından 3 ay ərzində 98 manat pul götürdüyünü, lakin İddiaçı iki dəfə götürdüyünü dediyini, hazırda bununla bağlı mübahisə etmək istəmədiyini bildirmişdir. İş materiallarında olan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Qaradağ rayon Polis İdarəsi 10-cu polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, Vüsalə anası Sevildən 2000 manat məbləğində borc pul götürmüş, onun qızının təqaüd kartından cəmi iki dəfə olmaqla hər dəfə 98 məbləğində pul götürülmüş, qalan məbləğ ödənilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının CPM-nin 39.1.2-ci madddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin izah edilmişdir ki, İddiaçı 1804 manat məbləğində pulu Cavabdeh mülki qaydada tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahid ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc pul almış və həmin borcu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin indiyə kimi cəmi 196 manat qaytarmışdır. Bu səbəbdən iddia tələbi Cavabdeh 1804 manat məbləğində borc pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1804 (min səkkiz yüz dörd) manat məbləğində borc pul vəsaiti və 36,08 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar