Məhkəmə qərarları › İş №2(002)-3053/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3053/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3053/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat pulun və 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, bir müddət qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuşdur. Həmin vaxt Cavabdeh2 ilə tanış olmuş, Cəmilə ondan bəzən nağd, bəzən nisyə qızıllar almağa başlamışdır. Sonradan Cəmilə onu digər Cavabdeh1 ilə tanış etmişdir, Məhsəti də ondan qızıl almağa başlamışdır. Cavabdeh1 2022- 2023-cü illər ərzində müxtəlif vaxtlarda ümumilikdə 28663 manat məbləğində qızıl-zinət əşyalarını ondan götürmüş və həmin məbləğdən 20663 manat ödəmiş, lakin 8000 manat məbləğində pul onda qalmış və indiyə kimi qaytarmamışdır. Sonuncu dəfə Cavabdeh1 ilə yenə telefon vasitəsilə danışmış, qısa vaxtda ödəniş edəcəyini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Bununla bağlı Qaradağ RPİ-nə müraciət etmiş və Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X3 tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmin araşdırma zamanı Məhsəti 8000 manat məbləğində borcunun qaldığını etiraf etmişdir. İddia ərizəsində S.Cəmilənin cavabdeh kimi qeyd olunmasının səbəbi Cəmilənin onu Məhsəti ilə tanış etməsidir, əslində qızıllar Məhsətiyə verilmişdir və qalıq borc kimi qalan 8000 manat pul da Məhsəti tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən, göstərilən məbləğin Cavabdeh1 tutulmasını və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, mülki iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini və iddiaçıya 8000 manat borcunun qaldığını, digər cavabdeh X1 isə iddianı qəbul etmədiyini, Məhsəti ilə iddiaçını sadəcə tanış etdiyini bildirmişdir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd olunur ki, izahatı alınan Cavabdeh1 şikayət ilə tanış olaraq, qızıl alqı-satqısına görə İddiaçı 8000 manat məbləğində borcunun qaldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh1 qızıl-zinət əşyaları satılmış, lakin Cavabdeh1 həmin əşyaların dəyərini qismən ödəməmiş və iddiaçıya 8000 manat borcu qalmışdır. Digər Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 arasında yaranmış pul borcuna aidiyyəti və ona qarşı yönələn tələbin hüquqi əsası isə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 8000 manat pulun Cavabdeh1 tutulması hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə iddianın dövlət rüsumunun Cavabdeh1 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb həmin cavabdehə münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar