Məhkəmə qərarları › İş №2(002)-308/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-308/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-308/2021 09.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3h oğluna qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5269.50 manat məbləğində əsas borc, 5395,56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 15.09.2020-ci il tarixiə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 774,53 manat pulun, cəmi 16140.47 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC (Ləğv prosesindədir) Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, Cavabdeh3h oğlunun cavabdeh kimi işə cəlb edilməsini; Cavabdeh2 və Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5269.60 manat məbləğində əsas borc, 5395,56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, 774,53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumilikdə isə 16140,47 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3h oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,24 kv. m, yaşayış sahəsi 27,94 kv.m olan 2 otaqdan ibarət 32 saylı mənzilə yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilərək, Cavabdeh3h oğlu cavabdeh kimi işə cəlb edilişdir. İddiaçı LPO İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, 21.10.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsinə əsasən Cavabdeh2 Zeyfullah qızı İddiaçı ASC-dən illik 26%-lə 36 ay müddətinə 11500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 21.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişlər.15.09.2020-ci il tarixinədək Cavabdeh2 banka 5269.60 manat məbləğində əsas borcu 5395.56 manat məbləğində faiz borcu, 4700.78 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 15.09.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 774.53 manat borc olmaqla cəmi 16140.47 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 703-14 saylı, 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 Seyfulllah oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv.m olan iki otaqdan ibarət 32 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3h oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3h oğlunun iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli, 703-14 saylı krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nın Nərimanov filialı tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 26 % ödəmək şərti ilə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ZM-703-14 saylı, 21 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 21 oktyabr 2014-cü il tarixli saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 14 oktyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki , İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli, 581189 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2020-ci il tarixinə yaranmış 5269.60 manat əsas borc, 5395.56 manat faiz borcu, 4700 manat cərimə borcu təşkil edir. İş materiallarında olan 703-14 saylı, 21 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Seyfulllah oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv. m olan iki otaqdan ibarət 32 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 27.94 kv.m olan iki otaqdan ibarət 32 sayl mənzilin likvid qiyməti 52.900 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 07 saylı hesab fakturadan görünür ki, ekspertiza xidmətinə görə 300 manat ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X2 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 5269.60 manat məbləğində əsas borc, 5395.56 manat məbləğində faiz borcu, 407 manat məbləğində cərimə borcu, 774.53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 11846.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3h oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,24 kv.m, yaşayış sahəsi 27,94 kv.m olan 2 otaqdan ibarət 32 saylı mənzilə yönəldilməli, qeyd olunan əmlakın ilkin satış qiyməti 52.900 manat müəyyən edilərək, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Cavabdeh1 münasibətdə iddia müddəti tətbiq edilməklə, ona aid hissədə iddia rədd edilməlidir. Çünki tərəflər arasında bağlanmış 20.11.2014-cü il tarixli zaminlik haqqında müqavilələrin 5.2-ci bəndində həmin müqavilənin “Borclunun 1.1-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Halbuki, kreditin verilmə müddəti nəzərə alındıqda zaminlik müqaviləsinin müddəti bitmiş, ötən müddət ərzində kreditor zaminə qarşı idda irəli sürmədiyinə görə zaminliyə xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, Ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı olan iddia tələblərinə iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı Cavabdeh2 ərizəsinə münasibətdə məhkəmə bildirir ki, 21.10.2014-cü il tarixli, 703-14 №li kredit müqaviləsinə əsasən Cavabdeh2 Zeyfullah qızı İddiaçı ASC-dən illik 26%-lə 36 ay müddətinə 11500 manat məbləğində kredit götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə müraciətin son tarixi 21.10.2020-ci il olmuşdur. İddia ərizəsi məhkəməyə 05.11.2020-ci il tarixdə daxil olsa da, mülki iş materiallarına əlavə olunmuş qaimədən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi 21.10.2020-ci il tarixdə poçta təqdim edilmişdir. Bu baxımdan Cavabdeh2 Zeyfullah qızı tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsitəmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5269.60 manat məbləğində əsas borc, 5395.56 manat məbləğində faiz borcu, 407 manat məbləğində cərimə borcu, 774.53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 11846.69 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3h oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,24 kv. m, yaşayış sahəsi 27,94 kv. m olan 2 otaqdan ibarət 32 saylı mənzilə yönəldilsin, qeyd olunan əmlakın ilkin satış qiyməti 52.900 manat müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərci Cavabdeh2 aid edilərək, ondan tutulub "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar