Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3096/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2005-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə üç uşağa görə 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən artıq dörd il keçmişdir. Bu müddət ərzində övladlarının tələbatları əhəmiyyətli surətdə artmışdır. Maddi imkanının zəif olması səbəbilə övladlarının xərclərini qarşılamaqda çətinlik çəkir. Onu da qeyd edir ki, övladları hazırda orta təhsil müəssəsində təhsil alır və universitetə hazırlaşdıqları üçün repititor xidmətlərindən istifadə edirlər. Bu da onların xərclərinin əhəmiyyətli surətdə artmasına əsas olur. Məlumat üçün bildirir ki, cavabdeh təyin olunmuş alimenti vaxtında ödəmir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edərək birgə nikahdan olan övladlarının saxlanılmasına kömək etməsini xahiş etmiş, lakin cavabdeh müraciətlərini cavabsız qoymuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 izahat verərək bilirdi ki, cavabdeh onun oğludur. Cavabdeh işləyir və onun aylıq əmək haqqı cəmi 400 manatdır, başqa hər hansı gəliri və qazancı yoxdur. Həmçinin, cavabdeh ağciyər xəstəsidir və daimi müalicə alır, təyin edilmiş alimenti çətinliklə ödəyir. Əlavə olaraq, bildirmək istəyir ki, iddiaçı da işləməklə aylıq qazanca malikdir. Buna baxmayaraq, cavabdeh iddia tələbini qismən qəbul edir. Belə ki, aylıq əmək haqqı məbləğini nəzərə alaraq, birgə nikahdan olan uşaqların saxlanması üçün hər uşağa aylıq 130 manat sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 12876324 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sadıqova Çimnaz xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sadıqova Çimnazın atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AZE seriyalı, 18777327 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sadıqov Ayxan xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sadıqov Ayxanın atası Cavabdeh, anası İddiaçıdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2006-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən və “Elektron məhkəmə” informasiya sistemində olan məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. İş materiallarında olan müayinə sənədlərindən görünür ki, Cavabdeh ağciyər xəstəliyi ilə bağlı müayinələrdən keçmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində mövcud məlumatdan görünür ki, İddiaçı “X7” MMC-də işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2005-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə üç uşağa görə 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, sayı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, eyni zamanda tərəflərin maddi vəziyyəti, cavabdehin konkret iş yerinə və qazanca malik olması, onun aylıq qazancının məbləği, səhhəti, iddiaçının da işləməsi və aylıq qazanca malik olması, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə müvafiq olaraq valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, hazırda hər iki tərəfin alimentin sabit pul məbləğində təyin edilməsini istəməsi, tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla əvvəl təyin edilmiş aliment məbləğinin müvafiq ilin yaşayış minimumu həddindən daha aşağı müəyyən edilməsi və uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması zərurəti, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci, 8.14-cü bəndləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2102/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3096/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3096/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver