Məhkəmə qərarları › İş №2(002)-316/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-316/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-316/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vəsaitinin və 51 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, cavabdehi dostu Xəzər vasitəsilə tanımışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək övladının xəstə olduğunu və əməliyyat üçün təcili 3000 manat borc pula ehtiyacı olduğunu, qısa zamanda qaytaracağını bildirmişdir. O da 2 (iki) ay müddətinə qaytarmaq şərtilə cavabdehə 3000 (üç min) manat məbləğində borc pul vermişdir. Bu borc barədə cavabdeh ona öz xətti ilə yazdığı və imzası ilə təsdiq etdiyi yazılı qəbz təqdim etmişdir. Cavabdeh həmin yazılı qəbzi iddiaçının evində onun və anasının yanında yazmışdır. Lakin cavabdeh indiyə kimi 3000 (üç min) manat borcunu qaytarmamışdır. Dəfələrlə danışsa da, cavabdeh imkanı olmadığını əsas gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçının anasıdır. Cavabdehi iddiaçının dostu Xəzər vasitəsilə tanımışlar. Cavabdeh xx.xx.2023-cü il tarixdə evlərinə gələrək uşağının təcili əməliyyat edilməli olduğunu bildirmiş, 3000 manat borc pul istəmişdir. İddiaçı cavabdehə onun yanında iki aya qaytarmaq şərtilə 3000 manat borc pul vermiş, cavabdeh də bu barədə öz xətti ilə qəbz yazmışdır. İsa borcu iki aya qaytaracağına dair söz versə də, bu vaxta kimi iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə, izahatı, şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, hal-hazırda hərbi hissədə xidmət edir, rütbəsi kapitandır. Pula ehtiyacı olduğu üçün Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 145-də yaşayan İddiaçı 3000 manat borc pul almışdır. Aldığı borcu 2 (iki) ay müddətində qaytaracağına söz verir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 4303 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş Əliyev X1 şəhəri, H.Əliyev prospekti, ev 145 ünvanında daimi qeydiyyatda olmaqla daimi yaşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən izahata, şahidin aydın və təfərrüatlı ifadəsinə, habelə xx.xx.2023-cü il tarixli qəbzə əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc pul almış və həmin borcu 2 (iki) ay müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən iddia tələbi Cavabdeh 3000 (üç min) manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vəsaiti və 51 (əlli bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar