Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3185/2021 23.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclularla BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0049465-F saylı Kredit və BK-00026465 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 3091,75 üç min doxsan bir manat 75 qəpik) manat, faiz borcu üzrə 67,50 (altmış yeddi manat 50 qəpik) manat olmaqla cəmi 3159,25 (üç min bir yüz əlli doqquz manat 25 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin Problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü oəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 3091,75 (üç min doxsan bir manat 75 qəpik) manat məbləğində güzəştli kredit verilmişdir.Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00026465 saylı Zaminlik müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən heç bir ödəniş olunmamışdır.Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 3091,75 (üç min doxsan bir manat 75 qəpik) manat, faiz borcu üzrə 67,50 (altmış yeddi manat 50 qəpik) manat olmaqla cəmi 3159,25 (üç min bir yüz əlli doqquz manat 25 qəpik) manat məbləğində kredit borcu var. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Çingiz oğlu və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasına dair bağlanmış 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı kredit sazişinə əsasən BOKT "xxxx" MMC Cavabdeh1 Çingiz oğluna 60 ay müddətinə, illik 1% olmaqla 3091,75 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07.11.2019cu il tarixli, BK-00026465 saylı tarixli zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 Çingiz oğlunun 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı kredit müqaviləsinə görə BOKT "xxxx" MMC qarşısında birgə məsuliyyət daşımağa razıdır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 16.09.2021-ci il tarixli maliyyə arayışının sürətindən görünür ki, Cavabdeh1 Çingiz oğlunun 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı müqavilə üzrə “BOKT "xxxx" MMC-yə 3091,75 manat əsas borcu, faiz borcu üzrə 67,50 manat olmaqla cəmi 3159,25 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07.11.2019cu il tarixli güzəştli kredit müqaviləsinə 1 saylı əlavədən-ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh Cavabdeh1 Çingiz oğlunun 60 ay müddətinə ilk 12 ay(1 il) güzəştli olmaq şərti ilə qalan 48 ayda (4 il) hər ay 66 manat (sonuncu ay 53,70 manat olmaqla) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, BOKT "xxxx"MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə,iddiaçı BOKT "xxxx" MMC Cavabdeh1 Çingiz oğlu ilə bağlanmış 07.11.2019-cu il tarixli, L-BK-0049465-F kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 07.11.2019-cu il tarixli, BK-00026465 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 Çingiz oğlunun 07.11.2019cu il tarixli, L-BK-0049465-F saylı kredit müqaviləsinə görə BOKT "xxxx" MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı müqavilə üzrə güzəştli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında bağlanılmış kredit müqaviləsi restrukturizasiya olunaraq, restrukturizasiya olunan əsas kredit borcunun qalığının ödənilməsi məqsədilə iddiaçı bank tərəfindən cavabdehə 1 il güzəşt olunmaqla, 5 il müddətinə illik 1% dərəcəsə ilə 3091,75 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu (restrukturizasiya olunan) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı bank qarşısında restrukturizasiya olunan qalıq borcunun ümumi məbləği 3091,75 manat əsas borcu, faiz borcu üzrə 67,50 manat olmaqla cəmi 3159,25 manat məbləğində borcu təşkil edir. Məhkəmə qeyd olunan halları əsas götürərək, restrukturizasiya olunan məbləğə dair güzəştli kredit müqaviləsinin şərtlərini nəzərə alaraq, həmin müqavilə üzrə həm əsas, həm də faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməldir. Həmçinin, məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh1 Çingiz oğlu ilə BOKT "xxxx" MMC arasında bağlanmış 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 Çingiz oğlu və Cavabdeh2 07.11.2019cu il tarixli, L-BK-0049465-F saylı güzəştli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 3091,75 manat əsas borcu, faiz borcu üzrə 67,50 manat olmaqla cəmi 3159,25 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında bağlanmış 07.11.2019-cu il tarixli, L- BK-0049465-F saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 07.11.2019-cu il tarixli, L-BK-0049465-F saylı güzəştli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 3091 (üç min doxsan bir)manat 75(yetmiş beş) qəpik, faiz borcu üzrə 67 (altmış yeddi) manat 50(əlli) qəpik, cəmi 3159 (üç min bir yüz əlli doqquz) manat 25(iyirmi beş) qəpik borcu və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-3185/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3185/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver