Məhkəmə qərarları › İş №2(002)-3186/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3186/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3186/2021 16.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0049846-F saylı Kredit və BK-00026505 saylı zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 2435,36 manat, faiz borcu üzrə 46,54 manat olmaqla, cəmi 2481,90 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “28 fevral 2019cu il tarixl Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı arasında 27.11.2019-cu il tarixli, L-BK-0049846-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla, 2446,07 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK- 00026505 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən iddiaçı təşkilata əsas məbləğ üzrə 10,71 manat, faiz borcu üzrə 5,29 manat olmaqla, cəmi 16,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2435,36 manat, faiz borcu üzrə 46,54 manat olmaqla, cəmi 2481,90 manat məbləğində kredit borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.11.2019-cu il tarixli, L-BK-0049846-F saylı kredit müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona 60 ay müddətinə, illik 1 % olmaqla, 2446,07 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.11.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 (BOKT) "xxxx" MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan 16.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 təşkilata ödənilməmiş 2435,36 manat məbləğində əsas borc üzrə borcu, 46,54 manat faiz borcu olmaqla, cəmi 2481,90 manat məbləğində borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, Cavabdeh1 isə krediti və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0049846-F saylı Kredit və BK-00026505 saylı zaminlik müqavilələri ləğv olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 2435,36 manat, faiz borcu üzrə 46,54 manat olmaqla, cəmi 2481,90 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, BOKT "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. BOKT "xxxx" MMC ilə Cavabdeh1 Əbdülkərim oğlu və Cavabdeh2 Əlihüsüyn oğlu arasında bağlanmış L-BK-0049846-F saylı Kredit və BK-00026505 saylı zaminlik müqavilələri ləğv olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 2435,36 manat, faiz borcu üzrə 46,54 manat olmaqla, cəmi 2481,90 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar