Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-319/2021 04.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, İddiaçı cavabdeh X8 qarşı «fərdi yaşayış evinin bölünərək, orada yaşamağa icazə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı «fərdi yaşayış evindən yaşayış, istifadə qaydalarının müəyyən edilməsi və yaşayış otağının ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X14 və qeyrilərinə qarşı onun Bakı şəhəri, Qaradağ rayonu, Korgöz (AZNS) qəsəbəsi 12 saylı ünvandakı fərdi həyət evinə olan yaşayış evindən yaşayış-istifadə qaydalarının və yaşayış otağının ayrılmasına dair” iddia tələbinin təmin olunmasını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edərək, evin bölənərək, orada yaşamağa icazə verilməsini tələb etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 1990-cı il tarixdə X15 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin vaxtdan da Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi (AZNS), 12 saylı fərdi həyət evinə gəlin köçərək yaşamağa başlamış və həmin evdə də pasport qeydiyyatındadır. Bu nikahdan onların 3 (üç) övladları anadan olmuşlar. Onlar hal-hazırda böyüyüb boya-başa çatmışlar. Qızları gəlin köçübdür, Puta qəsəbəsində yaşayır, lakin o yaşadığı evdə qeydiyyatdadır. İki oğlu hərbi xidmətdə olublar, hal-hazırda subaydırlar. Böyük oğlu artıq neçə vaxtdır ki, Rusiya Federasiyasında yaşayır, orada qalıb işləyir. İkinci oğlu Cavabdeh (bundan sonra cavabdeh adlanacaq) 1999-cu il təvəllüdlüdür. O da hərbi xidmətdə olub, hal-hazırda AZNS qəsəbəsindəki 12 saylı fərdi həyət evində qeydiyyatdadır, orada da təkcə yaşayır. Həyat yoldaşı X16 isə 2017-ci ilin noyabr ayının 25- də ürək xəstəliyindən vəfat etmişdir. Həmin vaxtdan o 2-ci oğlu X14 ilə bu həyət evində ikisi qaldılar. Digər ailə üzvləri ilə bu evdə pasport qeydiyyatındadırlar. Doğrudur, baldızları və onların övladları onların evdə qeydiyyatda olsalar da, lakin faktiki olaraq orada heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar. Hamısı ayrı-ayrı ünvanlarda yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, kiçik oğlu X9 daima ona qarşı aqressiv mövqedə olmağa çağırırlar, onu elə bir ruhda təlimatlandırırlar ki, o yalnız onu bu evdən çıxarıb qovsun. Onun baldızlarının planları ilə hərəkət edən, hərəkətlərini ölçüb-biçməyən kiçik oğlu da belə bir hərəkət etdi. Ona qarşı aqressiv davrandı, onu bu evdən çıxararaq qovdu. Artıq neçə müddətdir ki, həmin evdən məcburi qaydada çıxarıldı və Qızıldaş qəsəbəsində yaşayan ata-anasının yanında yaşamağa məcbur olmuşdur. Halbuki, bu Korgöz (AZNS) qəsəbəsindəki 12 saylı fərdi həyət evi onun mərhum ərinin və onun valideynlərinin yaşayış evləri olmuşdur və o həmin evə 20 il bundan əvvəl gəlin köçmüş və orada qeydiyyata alınmış və yaşamışdır. Hətta son vaxtlarda da gördü ki, evi təmir etmək lazımdır. Bunun üçün də bankdan kredit pul götürdü və evi lazımınca təmir elətdirdi. Lakin çox təəssüflər olsun ki, axırda da oğlu Fazil onu evdən qovdu, adına böhtan xarakterli sözlər söyləyən bibilərinin (baldızlarının) sözləri ilə onu öz təmir etdirdiyi evdlən çıxartdı. Cavabdeh bu hərəkətləri ilə onun hüquqlarına toxunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldi. Qoy məhkəmə onun həmin evdən yaşayış-istifadə qaydalarını müəyyən edən ədalətli qərar qəbul etsin və onun öz vəsaitiylə təmir etdirdiyi yaşayış otağının ayrılmasını təmin etsin. Hansı ki, hal-hazırda onun bütün şəxsi istifadəsində olan əşyaları və digər məişət avadanlığı həmin evdə qalmışdır. Bunu bütün qonşular da bilirlər. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, mübahisə predmeti olan yaşayış evinin qaynatası, daha sonra qaynanasına məxsus olduğunu, evə dair mülkiyyət hüququ haqqında şəhadətnamənin olmadığını, evə dair digər sənədlərin qaynatası və qaynanasına aid olduğunu, həyat yoldaşının vəfat etdiyini, həmin evə gəlin köçdüyünü, pasport qeydiyyatında olduğunu, hazırda onu həmin mənzilə qoymadıqlarını, ona görə də həmin evin bölünməsini, ona aid hissədə payının verilməsini, özünün də özünə aid hissəyə köçüb yaşamaq istədiyini, bütün əşyalarının həmin evdə olduğunu, o evdə onun da payının olduğunu, bölünüb ona aid payının verilməsini, orada yaşamaq istədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatından aydın olur ki, o iddia tələbini qəbul etmir, iddiaçı onun anasıdır, hazırda biryerdə yaşamağımız mümkün deyil, buna səbəb anasının hərəkətləri olmuşdur, evdə qeydiyyatda olan şəxslərin hamısı o evdə yaşamışlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Korgöz Qəsəbəsi üzrə Nümayəndəliyi verilmiş xx.xx.2020-cu il tarixli 416 saylı arayışın məzmunundan görünür ki, İddiaçı Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS ev 12 mənzilində yaşayır və onun oğlu X17, X14, qızı X2, baldızı oğlu X25, Soltanzadə Soltan – İsa Aydın oğlu, baldızı qızı X21, X22, X5, X10, baldızı X1 rayonu, Korgöz qəsəbəsi, AZNS ev 12 mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 164 nömrəli aktla rəsmiləşdirilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı xx xxxxx 1990-cı ildə Bakı şəhəri Qaradağ rayonundan nikah bağlanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 913847 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X15 xx xxxxxx 2017-ci ildə ölmüşdür. İş materiallarından görünür ki, X19 xx xxxx 2003-cü il traixdə vəfat etmişdir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun məzmunundan aydın olur ki, Qaradağ rayonu, Korgöz qəsəbəsi 12 saylı mənzilin sahibi X4r. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilin bölünməsi və mənzildə yaşamağa icazə verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, müvafiq yaşayış sahəsinin bölünməsini məhz paylı mülkiyyətçilər tələb edə bilər, habelə daşınmaz əşyaya dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü madəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin sahibi X11, X12r. Həmçinin, iddiaçının məhkəmə iclaısnda verdiyi izahatından aydın olur ki, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının qaynatası, daha sonra qaynanasına məxsus olmuşdur, lakin evə dair mülkiyyət hüququ haqqında şəhadətnamə alınmamışdır, o həmin evə gəlin köçmüş,yaşayır, pasport qeydiyyatındadır, hazırda oğlu onun orada yaşamağına mane olduğundan, evin bölünməsini, öz payının müəyyən edilməsini, özünə aid olan hissədə yaşamağa icazə everilməsini istədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi və ya paylı mülkiyyətçisi qismində çıxış etmir və bu hal işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi və ya paylı mülkiyyətçisi qismində çıxış etmədiyindən, habelə mülki qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin bölünməsi tələbini məhz paylı mülkiyyətçilər tələb etdiyindən, iddiaçının həmin mənzilin bölünməsinə dair iddia tələbini irəli sürməsinə dair subyektiv hüququ yoxdur. Həmçinin, məhkəmə iclasında iddiaçının verdiyi izahatından aydın olur ki, o mənzilin bölünərək, ona aid olan hissədə yaşamağa icazə verilməsini tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı mənzlinin mülkiyyətçisi qismində çıxış etmədiyindən, mənzilin bölünməsi tələbini irəli sürülməsinə dair subyektiv hüququ olmadığından, iddiaçının mənzilin bölünərək, ona aid hisssədə yaşamağa icazə verilməsi tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bu halda, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair müvafiq səlahiyyəti olmadığından, o hazırki iş üzrə tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Ona görə də, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-319/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-319/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver