Məhkəmə qərarları › İş №2(002)-3198/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3198/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3198/2024 28.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-191/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-191/2023 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Aliment cavabdehin qazancına yönəldilməklə, sonuncunun qazancı sabit deyil və dəyişkəndir. O, hazırda cəmi iki uşaq üçün 270 manat aliment alır. Həmin pulla isə uşaqların tələbatını ödəyə bilmir. Cavabdeh əmək haqqını qəsdən az yazdırmaqla aliment öhdəliyindən yayınmağa çalışır. Hazırda bir uşağın yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların tələbatı artdığından, əvvəl müəyyən edilmiş aliment məbləği ilə uşaqların tələbatını ödəmək mümkün deyil. Belə ki, uşaqlar məktəbdə təhsil alırlar. Onların gündəlik məktəb ləvazimatlarının alınması və yaşayışları üçün xeyli məbləğ tələb olunur. Odur ki, alimentin sabit pul məbləğində müəyyən edilməklə alimentin məbləğinin artırılmasını istəyir. Cavabdeh qəsdən əmək haqqını aşağı göstərməklə, uşaqların təminatından yayınır. Reallıqda yaşayış minimumu bir uşaq üçün 235 manat nəzərdə tutulduğu halda, cavabdeh qəsdən bir uşaq üçün nəzərdə tutulmuş məbləği iki uşaq üçün ödəyir. Bu da nəticədə uşaqların saxlanılmasında ciddi problemlər yaradır. Baxmayaraq ki, cavabdehin buna yetərincə imkanı vardır. Məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmişdir. Valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Eyni zamanda valideynlərin uşağı saxlaması, onun qayğısına qalması və onun maddi cəhətdən təmin edərək geyim və digər zəruri ehtiyaclarının təmin edilməsində bərabər öhdəlik daşıması, uşağın saxlanılması, digər tərəfdən uşaqların saxlanılması üçün bütün xərcin iddiaçının üzərinə qoyulması əsaslı hesab edilməməlidir. Bundan başqa, uşaqların gündəlik zərur qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Hazırda onun uşaqların qayğısına qalması, uşaqların zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi hazırki tələb üzrə mübahisə edilə bilməz faktdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-191/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(072)-015/2022 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar analarının yanında saxlanılmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 13 saylı Mediasiya Təşkilatının 12 sentyabr 2024-cü il tarixli MŞB/13/2024- 01363 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyümələrinə, normal qidalanmalarına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Lakin məhkəmə qanun qüvvəsini almış akt üzrə təyin olunmuş alimentin məbləğini dəyişdirərkən, cavabdehin real maddi imkanlarını da nəzərə alır. Digər tərəfdən, uşaqlara baxmaq, onların qayğısına qalmaq və maddi tələbatlarını qarşılamaq hər iki valideynin borcu və vəzifəsidir. Uşaqların saxlanılması üçün zəruri olan maddi vəsaitin ödənilməsi öhdəliyinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-191/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ondan dövlət rüsumu tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-191/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar