Məhkəmə qərarları › İş №2(002)-3218/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3218/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3218/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 17211,29 manat əsas borc, 635,42 manat faiz borcu, 56,46 manat cərimə olmaqla, cəmi 17903,17 manat borcun və 143,71 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 mart 2022-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə (nağd kredit verilməsinə dair) əsasən, İddiaçı ASCdən illik 17 faizlə 36 ay müddətinə 25800 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il sentyabr ayının 1-dək Cavabdeh banka 10 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə 17211,29 manat əsas borc, 635,42 manat faiz borcu, 225,84 manat cərimə olmaqla, ümumilikdə 18072,55 manat borcu vardır. Cavabdeh banka 10 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 225,84 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında, yəni 56,46 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərərk bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 16 sentyabr və 16 oktyabr tarixlərində olmaqla cəmi 1000 manat ödəniş aparmışdır, həmin ödənişlər nəzərə alınmaqla iddianın qismən təmin edilməsinə etiraz etmir. Bundan əlavə, qeyd edir ki, maddi imkanı olmadığı üçün borcu vaxtında ödəyə bilməmişdir, hazırda borcu birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə dair 10 mart 2022-ci il tarixli 1 saylı Əlavə, 5 saylı Əlavə razılaşmalardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 17% olmaqla 36 ay müddətinə 25800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh borcu ilə əlaqədar xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçı təşkilata 17211,29 manat əsas borc, 635,42 manat faiz borcu, 225,84 manat cərimə borcu vardır. İş materiallarında olan Cavabdeh borcu ilə əlaqədar xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10 mart 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçı təşkilata 16211,29 manat əsas borc, 1101,38 manat faiz borcu, 849,52 manat cərimə borcu vardır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faizləri və gecikməyə görə cərimə məbləğini iddiaçıya ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddia tələbinin həcmi, eyni zamanda cavabdehin son ödənişlərinin əks olunduğu xx.xx.2023-cü il tarixli maliyyə arayışı nəzərə alınmaqla, iddiaçı təşkilatın faiz borcunun və cərimənin tutulması ilə bağlı tələbləri tam, əsas borcun tutulması ilə bağlı tələbi isə qismən, xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən edilən həddə təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 16211,29 manat əsas borc, 635,42 manat faiz borcu, 56,46 manat cərimə olmaqla, ümumilikdə 16903,17 manat borc pul vəsaiti və 135,68 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar