Məhkəmə qərarları › İş №2(002)-3222/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3222/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3222/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər bir uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəzərinizə çatdırıra ki, Cavabdeh ilə aramızda olan nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixində Qaradağ Rayon Qeydiyyat şöbəsində 203 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuşdur. Məhkəmənin Qətnaməsinə əsasən hər iki övladı onun himayəsində saxlanılmışdır. O, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2828/2021 saylı Qətnaməsinə əsasən alimentin məbləği artırılmadı və o, Apellyasiya Məhkəməsinə müraciət etmişdim. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 10958/2021 saylı Qətnaməsinə əsasən Qaradağ Rayon Məhkəməsinin Qətnaməsi ləğv olundu və iş üzrə yeni Qətnamə çıxarıldı. Qətnaməyə əsasən hər bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir.Cavabdehin gəliri çox yaxşıdır və onun gəliri tez-tez dəyişir. Lakin övladları böyüdükcə onların xərcləri də artır. O, tək başına onları böyütməkdə çətinlik çəkir. Verilən alimentin məbləği övladlarına yetmir. Azərbaycan Respublikasında 2024-cü il üçün hər uşağa minimum 235 (iki yüz otuz beş) manat nəzərdə tutulur. Buna görə də cavabdehdən hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, uşaqların balacalığından cavabdeh banka kredit ödəyir. Oğlunun 16 yaşı var, cavabdeh hələ də banka kredit ödəyir. Cavabdeh alimenti vaxtında ödəyirsə də, hazırda həmin məbləğ böyümüəkdə olan uşaqların maddi təminatını təmin etmir. Onun özü xəstəxanada xadimə işləyir, amma uşaqlarınını oxumasını istəyir, ona görə onları hazırlığa göndərməlidir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, əlavə edir ki, o, hazırda alimenti vaxt vaxtında ödəyir. Uşaqları saxlamaq təkcə atanın borcu deyil, iddiaçı özü də işləyir. Tələb olunana məbləğdə aliment ödəyə bilməyəcək, çünki əmək haqqı 700-800 manat təşkil edir. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10958/2021 saylı xx.xx.2021-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2828/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ləğv edilərək, müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir görə 150 manat olmaqla,cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında AZ-İ seriyalı 248086 nömrəli nikahın pozulması haqqında şəhadətanmədən görünür ki, Cavabdehn ilə İddiaçı arasındakı nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında AZ-İİ seriyalı 349256 nömrəli və AZ-İİ seriyalı 611541 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin iki övladlarının olması, uşaqların iddiaçının yanında olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmişdi. Cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş edərək, tələb olunan məbləğin onun maddi vəziyyətinə mütənasib olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Belə ki, əksini cavabdeh məhkəmə iclaslarında mötəbər faktlar ilə sübut edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, uşaqların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10958/2021 saylı xx.xx.2021-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra bir uşaq üçün hər ay 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10958/2021 saylı xx.xx.2021-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar