Məhkəmə qərarları › İş №2(002)-3299/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3299/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3299/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh2 qızına, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh2 qızına, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2439.06 manat, faiz borcuna görə 811.44 manat, cəmi 3250.50 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 29.12.2019-cu il tarixli, **********1959 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 34,00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 146 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adlı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alan əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin kredit müqaviləsiüzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq eyni tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin 29.12.2019-cu il tarixli, **********1959 saylı kredit müqaviləsi, COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135 s nömrəli Sərəncamına müvafiq olaraq 18.08.2020-ci il tarixli, **********0931 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2497,06 manat, faiz, cərimə 0,00 müəyyən edilmişdir. Beləliklə 10.09.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2439,06 manat, faiz borcuna görə 811,44 manat, cəmi borcu 3250,50 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.12.2019-cu il tarixli, **********1959 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, ona 24 ay müddətinə, illik 34 % olmaqla, 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 “Finca Azerbaijan” MM QBKT qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan 29.12.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 qızı kredit müqaviləsi üzrə Cavabdeh2 “Finca Azerbaijan” MM QBKT qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan 18.08.2020-ci il tarixli, “29.12.2019-ci il tarixli, **********1959 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair” **********931 saylı sazişin surətindən görünür ki, Cavabdeh2 borclu olduğu 2497.06 manat pulu 34 % dərəcəsi hesablanmaqla, 22 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə “Finca Azerbaijan” MM QBKT arasında bağlanmış 18.08.2020-ci il tarixli müqaviləyə əsasən sonuncunun “Finca Azerbaijan” MM QBKT-yə 2439.06 manat əsas, 811,44 manat faiz borcu vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, Cavabdeh2 isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2439.06 manat, faiz borcu üzrə 811.44 manat, cəmi 3250.50 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, “Finca Azerbaijan” MM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 2439.06 manat, faiz borcu üzrə 811,44 manat, cəmi 3250.50 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, “Finca Azerbaijan” MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar