Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3299/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ RPİ 10-cu PŞ-in baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
2. Bakı şəhəri Qaradağ RPİ-in 10-cu PŞ-də İddiaçı izahat verərək, ona verilən suallara cavab olaraq bildirir ki, o Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində ev almaq istəyirdi. Qəsəbədə Sevinc adlı qadın evini satırdı, maraqlandı və Sevincin evinə getdi. Evə baxdı, xoşuna gəldi. 32000 manata satırdı, 30000 manata razılaşdılar. Sevinc ona ev tapdığını, Lökbatan qəsəbəsində onlar ondan 1000 manat beh istəyirlər, 1000 manat ver aparıb olara versin. xx.xx.2024-cü il tarixdə aparıb evlərində 500 manat verdi. Sabahı zəng vurub dedi ki, 500 lazımdır. Evin yiyəsi 1000 manat istəyir. xx.xx.2024-cü il tarixdə evinə gedib 500 manatda verdi. O ümumilikdə Sevincə 1000 manat beh vermişdir. xx.xx.2024-cü il tarixdə Sevincə zəng edərək evdən nə xəbər olduğunu soruşdu. Sevinc də aldığı evin qiymətinin qalxdığını 38000 yox 45000 manata qalxdığını, 2000 manat verdiyini və pulu tapıb gətirməyini bildirmişdir. Sonra dedi ki, onun pulu batdığı üçün sənində pulun batır beh qaytarılmır. Sevincdə behin batdığını və ona pulu qaytara bilməyəcəyini, pulu olmadığını və hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Bununla da o 102 xidmətinə məlumat vermişdir.
3. İddiaçı müraciəti əsasında Bakı şəhəri Qaradağ RPİ-in 10-cu PŞ-də aparılmış araşdırma əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh izahatı alınmışdır. Həmin izahatda göstərilir:- o Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yaşadığı evi 36 minə satdığa qoymuşdur. 2024-cü ilin iyul ayının əvvəlində Puta qəsəbəsində yaşayan X1 gəlib evə baxdı, bəyəndi 30 minə razılaşdılar. Kamil bildirmişdir ki, fikri ciddidir və beh olaraq bir 500 manat verdi. Bir neçə gün sonra Kamilə zəng vurub ona beh verməli olduqlarını və sonradan 500 manat gətirməli olduğunu demişdir. Kamildə yenə 500 manat həmin günü gətirib ona verdi. Kamil ümumilikdə ev almaq üçün ona 1000 manat beh verdi. Onlar aralarında razılaşdığı gündən təxminən 15 gün keçmiş Kamil dəfələrlə evə gəldi bildirdi ki, boşaldın o evə köçür. O ona bildirmişdir ki, onlar söz danışıblar o ev tapmalı olduğu müddətdən tez gəlmişdir. 17 iyun 2024-cü il tarixdə İddiaçı onun barəsində polisə şikayət edib, guya o ondan 1000 manat beh pulu almış və onu aldatmışdır. O ona özü bildirdiki evi istəmirəm behi qaytar. Kamilin iradəsinə zidd olaraq evi istəmirsə beh həmin şəxsə qaytarılmır. Onda dəfələrlə ona demişdir ki, evi alarkən gətir qalan puluda ödəniş elə mənzili satım ona. Kamilə dəfələrlə bildirilib ki, evi istəmir, verdiyi pulu qaytar. Bələdiyyəyə gedərək bildirilib ki, oların evinin sənədinə baxılması onun razılığı olmadan Puta qəsəbəsində onun və anasının çəkərək pis qələmə verdiyini bildirmişdir.” İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 2000 manat və ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehdən ev almaq məqsədi ilə ona beh olaraq 1000 manat pul vermişdir. Onu aldadaraq evi satmaqdan imtina etdiyindən xx.xx.2024cü il tarixdə DİN-in 102 xidmətinə zəng etmişdir. Bununla bağlı Qaradağ rayon 10-cu Polis Şöbəsində araşdırma aparılmış, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh ona Lökbatan qəsəbəsində 38000 manata birotaqlı ev satıldığını demiş, o da Sevincə həmin evi almaq üçün 1000 manat beh vermişdir. Lakin 12 gün sonra Sevinc ona dedi ki, evi satan evin qiymətini qaldırıb evi 40000 manata satır. O həmin qiymətlə razılaşmayaraq behini geri istədikdə isə qaytarmamış, demişdir ki, onun behi batdı. Onunla danışdığını audio-video görüntüyə çəkmişdir, həmin görüntüləri məhkəməyə təqdim etmişdir. Cavabdeh ondan başqa daha üç şəxsə qarşı bu cür dələduzluq etmişdir. Göstərilənlərə əsasən cavabdeh razılaşmanı icra etmədiyi üçün behin iki mislini yəni 2000 manatı və ödənilmiş dövlət rüsumunu ona qaytarmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
8. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
11. İddia qismən əsaslıdır.
12. Belə ki, iddiaçı cavabdeh ilə aralarında daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin təminatı olaraq beh müqaviləsi bağlandığını və cavabdehə 1000 manah məbləğində beh verdiyini, daha sonra cavabdeh tərəfindən müqavilə icra edilmədiyindən o behin iki mislini ona ödəməli olduğunu bildirir.
13. İşin faktiki halları bundan ibarətdir, tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısı barədə öhdəliyin icrasının təmini kimi beh barədə razılaşma qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədən, yəni yazılı və notarial bağlanmamışdır. Lakin 27 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qaradağ RPİ 10-cu PŞ-in baş təhqiqatçısı, polis mayoru Orucov Valehin qərarı və cavabdehin polis şöbəsində verdiyi izahatın məzmunundan aydın olur ki, iddiaçı tərəfindən 500 manat və daha sonra 500 manat olmaqla, cəmi 100 manat pul vəsaiti beh olaraq daşınmaz əmlakın alqı-satqısı ilə bağlı verilmişdir.
14. Qeyd edildiyi kim, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı və notariat qaydasında təsdiqlənmiş beh müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir; 491.3-cü maddəsinin tələbinə görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
15. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir. və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri).
16. Eyni zamanda, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən,əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
18. Beləliklə, məhkəmə hesab edir ki, beh müqaviləsinin lazımı forma və qaydasına riayət olunmadığı üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə (1000 manat) münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldıqlarını məhrum olanın tələbi ilə ona qaytarmalıdır (MM 1092.1-ci maddə). Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
19. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış beh müqaviləsi etibarsız olduğundan öhdəliyin icrasız qalmasında cavabdehin məsuliyyət daşıyıb-daşımaması və behin iki mislinin qaytarılması məsələsini araşdırılması zərurəti aradan qalxmışdır.
20. Beləliklə, məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməklə iddia qismən təmin edilməli, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
23. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova