Məhkəmə qərarları › İş №2(002)-3368/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3368/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3368/2021 29.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2053.38 manat olmaqla cəmi 2053.38 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" MMC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı MMC-yə keçmişdir. ”X4 edilməsi agentliyi” MMC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agendiyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı MMC tərəfindən Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-874 saylı, 01 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən “X4 Edikməsi Agentliyi” MMC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialı ilə Cavabdeh2 arasında 31.07.2014-cü il–tarixdə N-235a-31.07.2014-191a saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23 % tətbiq edilməklə, 48 ay müddətinə 8500 manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq Cavabdeh1 ilə Bank arasında 31.07.2014-ci il tarixdə, 235a-31.07.2014-191a saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank 8500 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan’ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 48 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 23 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh2nun banka hazırda olan əsas borcu üzrə 2053.38 manat olmaqla,cəmi 2053.38 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, hazırki mülki iş üzrə zaminlik müqaviləsinin müddəti bitsə də, ümumi iddia müddətini ötürmədiklərini, həmçinin, müvafiq Fərmana uyğun olaraq kompensasiya hesablanaraq, borcdan çıxıldığını bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə Cavabdeh2 və Cavabdeh1 vəməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 31.07.2014-cü il–tarixdə N-235a-31.07.2014-191a saylı kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən borcalan qismində Cavabdeh2 48 ay müddətinə 8500 manat kredit verməyi, habelə müştəri kredit və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.07.2014-ci il–tarixdə N-235a-31.07.2014-191a saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarına Cavabdeh2nun kredit ödəmələri ilə bağlı hesabdan çıxarış vərəqəsi əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş 14.09.2021-ci il tarixli 3315 nömrəli bildirişin məzmunundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini və gecikdirilmiş vaxt üçün müəyyən olunmuş məbləği 10 gün müddətinə tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materialalrında olan kassa məxaric orderinin məzmunundan aydın olur ki, Cavabdeh2 8117 manat məbləğində krediti təhvil almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 31.07.2014-ci il–tarixdə N- 235-31.07.2014-191a saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 8500 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə 31.07.2014-ci il–tarixdə N-235- 31.07.2014-191a saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Bu halda,məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 31.07.2014-ci il–tarixdə N-235a-31.07.2014-191a saylı zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, 31.07.2014-ci il–tarixdə N-235a-31.07.2014-191a saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə 31.07.2014-ci il–tarixdə N-235a- 31.07.2014-191a saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh2nun öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 48 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh1nun zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc və faiz borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 31.07.2014-ci il–tarixdə N-235a-31.07.2014-191a saylı kredit müqaviləsi üzrə yaranmış 2053.38 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Aqrarkredit QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 31.07.2014-ci il–tarixdə N-235a-31.07.2014-191a saylı kredit müqaviləsi üzrə yaranmış 2053.38 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar