Məhkəmə qərarları › İş №2(002)-3369/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3369/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3369/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 45 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-4120 reyestr saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, eləcə də tələb olunaraq baxış keçirilmiş icra işinin materiallarını araşdıraraq hesab edir ki, notariusun icra qeydinin mübahisələndirilməsi müddəti (10 gün) keçdiyindən, iş üzrə icraata Azərbaycan Respublikası MPM-nın 261.0, 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqedən göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilmiş; göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsinin davam etdirilməsi; qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddətin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu Məcəllənin 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Məhkəmə iddiaçı tərəfindən 10 günlük prosessual müddətə riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmaq üçün icra işini tələb etmiş, həmin icra işində olan sənədlər nəzərdən keçirilmişdir. İcra işinə nəzər yetirilərkən müəyyən olundu ki, iddiaçı mübahisələndirilən icra qeydinin verilməsindən məlumat aldığı (icra qeydinin surətini rəsmi şəkildə əldə etdiyi) vaxtdan sonra 10 günlük prosessual müddəti ötürmüş, bu müddət çox vaxt keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, borclu müəyyən edilmiş 10 günlük prosessual müddəti buraxmışdır. Bundan başqa, «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən notariusun verdiyi icra qeydi həmin qeyddən şikayət (həmin qeydə etiraz) verilməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0, 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar