Məhkəmə qərarları › İş №2(002)-3385/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3385/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3385/2024 28.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3442/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulması, 50 manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3442/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda bir uşaq üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdehin ödədiyi alimentin məbləği yaşayış minimumuna uyğun deyil. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3442/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 analarının yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşaqların analarının yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş «İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» xx.xx.2024-cü il tarixli MŞB/6-01672 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə həmin sessiyada iştirak etməmişdir. İddiaçı tərəfindən həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyümələrinə, normal qidalanmalarına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmənin qənaətinə görə, iddia qismən təmin edilməlidir. Belə ki, uşaqların saxlanılması xərclərinin qarşılanması yalnız bir valideynin deyil, hər iki valideynin vəzifəsidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması xərclərinin yalnız bir valideyndən tutulması ədalətli deyil. Hazırki iş üzrə tərəflərin övladları 2011-ci və 2014-cü il təvəllüdlü olmaqla, körpə deyillər və iddiaçının əmək fəaliyyəti ilə məşğul olmaq imkanı mövcuddur. Bu səbəbdən, yuxarıda qeyd olunanlar, həmçinin cavabdehin hazırki maddi durumu nəzərə alınmaqla, iddia qismən təmin edilməli, aliment məqbul həddə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-3442/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 72.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-3442/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 72.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar