Məhkəmə qərarları › İş №2(002)-3421/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3421/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3421/2023 23.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 3-Z1-1-0-1772-21nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 18 % dərəcəsi ilə, 11300 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh1 isə güzəşt müddəti ərzində hər təqvim ayının 29-dək 408.5 manat ödəniş borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilə və “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir.

2. xx.xx.2021-ci il tarixli 3-Z1-1-0-1772-21 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh1) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

3. Həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 yuxarıda qeyd edilən şərtlərlə verilmiş kreditin ödəniş qaydası aylıq 408.5 manat olmaqla müəyyən edilmiş, ödənilmiş məbləğdən hansı hissədə faiz borcuna, hansı hissədə əsas məbləğə hesablanacağı göstərilmişdir.

4. 29.09.2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, ödənilməmiş əsas borc üzrə 6141.42 manat, faiz borcu üzrə 182.46 manat, cərimə borcu üzrə 40.8 manat borcu olmaqla, Cavabdeh1 cəmi 6364.68 manat kredit borcunun olduğu müəyyən edilmişdir.

5. xx.xx.2021-ci il tarixli kassa məxaric ordenindən görünür ki, Cavabdeh1 hesabına 11300 manat məbləğində vəsait köçürülmüşdür.

6. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdələrinə götürdükləri borc məbləğini İddiaçı ASC-yə 5 iş günü ərzində ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İddia tələbi

7. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6141.42 manat əsas borc, 182.46 AZN faiz, 20.40 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6344.28 manat borcu və 83.44 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 11300 AZN kredit götürülmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il sentyabrın 29-dək Cavabdeh1nın banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6141.42 manat əsas borc, 182.46 AZN faiz, 20.40 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6344.28 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 40.8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 20.40 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

12. Cavabdeh2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul edərək, əsas və faiz borcunu qəbul etdiyini, təzə işə daxil olduğunu və borcunu hissəhissə icra edə biləcəyini bildirmişdir.

13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

30. İddia əsaslıdır.

31. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 3-Z1-1-0-1772-21 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdehə 11300 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay müddətində illik 18 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 408.50 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin işdə olan hesabdan çıxarış və maliyyə arayışı sənədlərindən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini əsas və faiz borcu hissədə qəbul etdiyini və borcunu bağlayacağını bildirmişdir. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

32. Bundan başqa, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarışında birgə məsuliyyət daşıyırlar.

33. İddiaçı ASC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Hazırda qalıq borcun məbləği 6141.42 manat əsas borc və 182.46 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu və etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissədə təmin olunmalıdır.

34. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, Tərəflər arasında bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərin və nağd kreditin verilməsinə dair razılaşmanın şərtlərinə əsasən hesablanmış cərimə borcunun tələbdə göstərilən məbləği – 20.40 manat indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla ədalətli olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır.

35. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 83.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 83.44 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6141.42 manat məbləğində əsas borc, 182.46 manat məbləğində faiz borcu, 20.40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6344.28 manat məbləğində borc və ödənilmiş 83.44 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlilidir.

37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6141.42 manat məbləğində əsas borc, 182.46 manat məbləğində faiz borcu, 20.40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6344.28 manat məbləğində pul vəsaiti və 83.44 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar