Məhkəmə qərarları › İş №2(002)-3423/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3423/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3423/2023 15.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «alimentin sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd olunan «alimentin miqdarının artırılması» tələbinin, «alimentin tutulma qaydasının dəyişdirilməsi» kimi qəbul edilməsini və məhkəmə qətnaməsi çıxarılarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «alimentin sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsini aliment hissəsində dəyişiklik edərək, hər ay 220 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-315/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin və ya qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-315/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. İşə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılarkən o özü alimentin miqdarının dəyişdirilməsinə razılıq vermişdir. Cavabdeh uşağına əlavə yardım edəcəyini bildirdiyi üçün o, alimentin azaldılmasına razılıq vermişdir. Artıq uşağın tələbatı artmışdır. Həmçinin cavabdeh 1.000 manatdan yuxarı təqaüd alır və gəliri yüksəkdir. Qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment 250 manatdan artıq edir. Cavabdeh isə könüllü olaraq əlavə yardım etmək istəmir. Ona görə də, alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət edir. X1 iştirak edilməsi barədə arayış alınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2006-cı il tarixdə ailə qurmuşdur. xx.xx.2011-ci il tarixdə birgə nikahdan oğlu Kəlbiyev Amir doğulmuşdur. Birgə yaşadıqları dövrdə aralarında məişət zəminində dəfələrlə mübahisələr olmuş, bunun nəticəsi olaraq nikahın pozulmasına dair Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, ailə münasibətlərində problem olduğuna görə və övladı ilə ünsiyyətdə az olduğuna görə öz arzusu ilə hərbi xidmətdən ehtiyata çıxmasına dair qərar qəbul etmişdir və 2020-ci ilin sentyabr ayından ehtiyata buraxılmışdır. Hazırda ehtiyatda olan zabitdir, buna görə qanunla müəyyən edilmiş qaydada pensiya təminatı alır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-315/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 öz anasının yanında və himayəsində saxlanılması, yetkinlik yaşına çatanadək hər ay gəlirinin və ya qazancının 1/4 hissəsi miqdarında alimentin ondan tutularaq anasına ödənilməsinə dair qətnamə qət edilmişdir. Həmin qətnamə ilə razı olmadığı üçün, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən apellyasiya şikayətində qeyd edilmiş əsaslarını və ifadələrini dinləyərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əsaslanaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-315/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarına aid hissəsinin dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat məbləğində alimentin ondan tutularaq İddiaçı verilməsinə dair qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında proses zamanı İddiaçı özü tərəfindən alimentin miqdarının 175 manat sabit pul məbləğinə dair yazılı razılıq ərizəsini məhkəməyə təqdim etmişdir. Hazırda, İddiaçı tərəfindən ona qarşı qaldırılan xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması tələbinə dair iddia ərizəsi barədə aşağıda qeyd olunanları əsas tutaraq etiraz edir. Bildirir ki, oğlu Kəlbiyev Amir və onun anası İddiaçı indiki vaxta kimi onunla birgə ona məxsus olan ünvan 1 ünvanda yaşayırlar. Həmin mənzili güzəştli ipoteka krediti ilə aldığı üçün hər ay 173 manat 33 qəpik aylıq ödənişləri, ipoteka sığorta haqqı 192 manat, həm özünün illik həyat sığortası, 108 manat həcmində keçmiş həyat yoldaşının (İddiaçı) illik həyat sığotası 74 manat vəsaiti İpoteka Fonduna köçürür. Bir də, yaşadıqları mənzilin bütün kommunal xərclərini hər ay azı 50-60 manat onun pul vəsaitindən ödənilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni əsas tutaraq, o, hər ay 175 manat alimenti övladının anasının bank hesabına köçürür. Oğlunun yaşadığı mənzildə bütün uşağa lazım olan şərait qurulub və uşağının ehtiyacı olduğu idman və tədris ləvazimatlarla təmin olunub. Oğlunun xahiş etdiyi hər hansı tələbatlarını, uşaq əyləncə və istirahət məkanlarında olmasını, sağlamlıq və tibb müəssisələrində müayinə edilməsini qarşılayır və davam edəcək. Hesab edir ki, o, bir ata kimi öz övladının tərbiyəsinə, qorunmasına və saxlanılmasına kifayət qədər qayğı göstərir və diqqət edir. Oğlunun anası İddiaçı hal-hazırda işləyir və Amaliyanın gəliri onun gəlirindən az deyil, buna baxmayaraq birgə yaşadıqları mənzilin kommunal və ipoteka xərclərini qarşılamır. Bir də, bütün gün işdə olduğu üçün uşağa az vaxt ayırır. Özü heç bir yerdə işləmədiyi üçün, günün bütün vaxtını öz övladı ilə keçirir və övladının lazımi tələbatlarını, ehtiyaclarını qarşılayır. Övladının onunla bir evdə qalması, övladının maddi tələbatını alimentdən kənar qarşıladığına görə, həmçinin keçmiş həyat yoldaşının gəlirləri onun gəlirindən az olmadığına görə hesab edir ki, aliment məbləği cari ilin uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə uyğundur. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(002)-315/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və uşağın onun himayəsində saxlanması» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 09 dekabr 2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 1048 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X2 İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirinin və ya qazancının 1/4 hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin xx.xx.2021-ci il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun həmin iş üzrə cavabdehə aid edilməsi qət edilmiş, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4196/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(002)- 315/2021 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 1 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşağın ananın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş X1 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/32023-00615 saylı arayışdan görünür ki, Cavabdeh X1 iştirak etməmişdir. İddiaçı X1 iştirak etmiş və həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, cavabdehin stabil qazancı (gəliri) olması, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət olmaması, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan verməməsi nəzərə alınaraq ilk iddia təmin edilməlidir. Qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olaraq gəlirə malik olması, uşağın atası olan cavabdehi aliment ödəmək vəzifə və öhdəliyindən azad etmir. Uşağa baxmaq hər iki valideynin borcudur. İkincisi, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qarşılıqlı iddia üzrə iddiaçının (aliment verməyə borclu olan valideynin) qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyil, qazancın (gəlirin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə almır, onun stabil qazancı (gəliri) var, alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür, çətinlik törətmir və onun marağını əhəmiyyətli dərəcədə pozmur. Belə olduğu təqdirdə, qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair ilk iddiası təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4196/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmalı (alimentin tutulma qaydası dəyişdirilməli) və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Alimentin tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. İlk iddia üzrə 56 manat 24 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh İddiaçı qarşı «alimentin sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair ilk iddiası təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4196/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın (alimentin tutulma qaydası dəyişdirilsin) və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Alimentin tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. 50 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. İlk iddia üzrə 56 manat 24 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh İddiaçı qarşı «alimentin sabit pul məbləğində müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar