Məhkəmə qərarları › İş №2(002)-3451/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3451/2022

16.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3451/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.1 və 150.1.2-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə eidlməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.1 və 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Ərizənin məzmunundan aydın olur ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələbinə riayət olunmadan tərtib edilmişdir. Belə ki, ərizədə iddiaçı və cavabdeh haqqında məlumatlar (ad, soyad, ata adı, qeydiyyat ünvanı, faktiki yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin seriya nömrəsi FİN nömrəsi, əlaqə vasitələri, şəxsiyyətin eyniləşdirilməsinə imkan verən digər məlumatlar) qeyd edilməmiş, cavabdehə qarşı yönələn tələb qeyd edilməmiş, habelə tələbin əsaslandığı hallar və həmin halları təsdiq edən sübutların siyahısı əlavə edilməmişdir. Həmçinin, ərizənin mahiyyətindən görünür ki, qeyd edilən ərizə iddia ərizəsi qismində deyil, ödənilmiş dövlət rüsumunun geri qaytarılması ilə bağlıdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələbinə riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edilən ərizənin mahiyyətcə ödənilmiş dövlət rüsumunun geri qaytarılması ilə bağlı olması halını nəzərə alaraq onu qeyd etməyi zəruri hesab edir ki, ərizədə istinad olunan müvafiq məhkəmə qərardadı ilə mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır, habelə həmin hissədə məhkəmə qərardadının icraya yönəldilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı pul tələbinə dair ərizəsi ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar